Hakimiyyət daxilində "təmizləmə əməliyyatı" davam edir. Yaxın günlərdə daha bir icra başçısı işdən çıxarılacaq. Yola salınacaq şəxsin adı da məlumdur. Yenisabah.az-ın əldə etdiyi məlumata görə, iş yerini itirəcək "kiçik padşah" Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. 64 yaşlı Qaraşovun "vurulması" iki əsas səbəblə əlaqəlidir.
Məlumatlara görə, 2022-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızının 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin azyaşlı şagirdinə qarşı zor tətbiq etməsi, məktəblini döyməsi sabiq müavini ilə yanaşı, Taleh Qaraşova da problem yaradıb. İcra başçısı o vaxt şəxsi əlaqələrini işə salaraq, vəzifəsini qoruya bilsə də, bu hadisə unudulmayıb. Hakimiyyətin yuxarı eşelonunda hesab edirlər ki, xanım müavin məhz başçıya güvənərək, bu cür qanunsuzluğa əl atıb. Buna görə də təkcə o özü deyil, onun qanunsuz əməllərinə göz yuman icra başçısı da cavab verməlidir.