İyulun 9-da baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin I yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.
K.Əliyev müşavirədə giriş nitqi ilə çıxış edərək, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasında rəhbər vəzifədə olduğu vaxtlarda həyata keçirdiyi siyasi fəaliyyət, həmin dönəm də məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
Daha sonra çıxışda Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.