Dünyada ən çox maraq olan və satılan avtomobillərdən biri “Mercedes-Benz”dir və bu avtomobil bütün keyfiyyətləri ilə haqlı olaraq “alman maşını” adlandırılır. Təsadüfi deyil ki, şirkətin dünyanın əksər ölkəsində rəsmi distribütoru fəaliyyət göstərir və avtomobillərin satışından tutmuş, problemlərin həllinə qədər hər şey bu nümayəndəliklər vasitəsilə həyata keçirilir.
Amma və lakin Azərbaycanda “alman maşınına” da hansısa fırıldaq qarışdırmağı bacarırlar. Xeyr, bunu maşın bazarlarındakı dəllallar etmir, birbaşa “Mercedes-Benz”in Azərbaycanda yeganə rəsmi distribütoru olan “Avtokapital-Azərbaycan” MMC edir. Pravda.az Demokrat.az-a istinadən xəbər verir ki, internerdə açıq mənbələrdə apardığımız qısa araşdırma göstərir ki, “Avtokapital-Azərbaycan” MMC fəaliyyətinə görə zaman-zaman məhkəməlik olur. Misal üçün, ötən il MMC podrat müqaviləsi üzrə yaranmış problemə görə məhkəmə verilib.
“Avtokapital-Azərbaycan” MMC mütəmadi olaraq hakim qarşısına çıxmasının əsas səbəbi isə gömrük qaydalarını pozmasıdır. Təkcə bu il MMC iki dəfə buna görə məhkəmədə cavab verməli olub və cərimə edilib.
Yanvar ayında “Avtokapital-Azərbaycan” MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
İyun ayında analoji hal yenidən yaşanıb. “Avtokapital-Azərbaycan” MMC barəsində 2 cərimə protokolu yazılıb. şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Eyni hal bir dəfə baş verəndə bunu səhv, ikinci dəfə baş verəndə fırıldaq olur. “Avtokapital-Azərbaycan” MMC-nin təkcə bu il ərzində eyni qanun pozuntusuna yol verməsi deməyə əsas verir ki, şirkət ciddi şəkildə maxinasiya ilə məşğuldur.