Sabirabad rayonunda 2002-ci il təvəllüdlü Bəhruz qısqanclıq zəminində sevgilisi Vüsaləni bıçaqlayıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bəhruz 20 iyun 2021-ci ildə saat 20 radələrində Sabirabad rayonunun Qaralar kəndində yerləşən “Ana Kür” restoranına gəlib.
Bəhruz sevgi münasibətində olduğu Vüsalənin orta məktəbi qurtarması münasibətilə sinif yoldaşları ilə “Son zəng” tədbirində iştirakını qısqanclıqla qarşılayıb. Bu hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib. Vüsaləyə yaxınlaşaraq bıçaqla kürək nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, Bəhruzu orta məktəbdə oxuduğu vaxtlardan tanıyır: “Hələ doqquzuncu sinifdə oxuyarkən Bəhruzla münasibətlərimiz yarandı. Bəhruz məni sevdiyini dedi. Mən də onu sevdiyimdən qarşılıqlı münasibətlərimiz yarandı”.
Zərərçəkmiş deyib ki, 2020-ci ilin noyabrında Bəhruzun ailəsi onlara elçi gəlib və ailəsi onun Bəhruzla evlənməsinə etiraz etməyib: “Həmin vaxt qohumlarımız müharibədə şəhid olduğundan, həm də 18 yaşım tamam deyildi deyə, Bəhruzla rəsmi nişan mərasimimiz olmadı. Lakin münasibətlərimiz nişanlı kimi davam etdi.
Bir müddət sonra Bəhruz mənim bütün işlərimə qarışmağa başladı. Mənə qohumlarımın evinə getməyi, bəzi paltarları geyinməyi qadağan etdi. Aramızda sözlə mübahisələrimiz yaranmağa başladı. Bəhruzun bu tələbləri məni əsəbiləşdirdiyindən onunla görüşərək danışmaq istəmədiyimi dedim. Həmçinin Bəhruzun telefon zənglərinə cavab vermədim. Bir müddət əlaqələrimiz kəsildi”.
Vüsalə bildirib ki, 2021-ci ilin iyununda Bəhruz "Instagram" səhifəsində bir neçə dəfə ona ismarıc yazaraq "Son zəng" şənliyinə getməyi qadağan edib: “Bəhruza cavab yazmadım. Onun mənim şənliyə getməyimə qadağa qoymasına əhəmiyyət vermədim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edib.