Daxili İşlər Nazirliyində (DİN) 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
İclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının da növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizliyin etibarlı təmin edildiyini vurğulayıb.
Nazir məmnunluqla qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirən cənab Prezidentin sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 38 əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.
İlin ikinci yarısında da qarşıda mühüm vəzifələrin durduğunu qeyd edən general-polkovnik V.Eyvazov onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini bildirib.
Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19.533 cinayət qeydə alındığını və bu cinayətlərin 95,5 faizinin (18.661-i) daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olduğunu bildirib. Eləcə də 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 15,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 12,3, əzab vermələrin 22,2, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 21,7, adam oğurluqları və quldurluqların hər birinin 25, soyğunçuluqların 8,4, xuliqanlıqların 16,6, oğurluqların 1,7, onlardan mənzillərdən edilənlər 21,7, ailə münaqişəsi zəminində baş vermiş cinayətlərin 1,4, ictimai yerlərdə qeydə alınmış cinayətlərin 13,6 faiz azaldığını qeyd edib.
Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə ümumi cinayətlərin 90 faizinin, o cümlədən “isti izlər”lə 1605 cinayətin açıldığını, 4587 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 3291 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 79,4 faizinin ödətdirildiyini vurğulayıb.
Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 395 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.
Həmçinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrası çərçivəsində mediada qabaqcadan məlumat verilməklə 2318 vətəndaşın qəbulunun həyata keçirildiyini, qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığını bildirib.