Daxili İşlər Nazirliyinə sosial şəbəkələrdə Azərbaycan Respublikasının vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlarinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məlumatlar dərhal nəzarətə götürülüb.
Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən “telegram” sosial şəbəkəsində həyata keçirilib. Həmçinin, araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib.
Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar.