İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.
Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.
Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.
Biz xarici dövlət borcunun idarə edilməsi istiqamətində də öz işimizi mənim bir neçə il bundan əvvəl verdiyim tapşırıqlar əsasında qurmuşduq. Mən bir neçə il bundan əvvəl demişdim ki, biz qarşıya hədəf qoymalıyıq və qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun, o səviyyədə olsun. Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkündür. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.
Müsbət məqamlardan biri və bu da xüsusilə qeyd olunmalıdır. Çünki bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.
Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil.
Qeyd etdiyim kimi, bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.
Əlbəttə ki, biz, bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.
Gələn ilin investisiya proqramı hazırlananda, - yaxın gələcəkdə biz artıq gələn ilin büdcəsini də müzakirə etməyə başlayacağıq,- əlbəttə ki, Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxacağıq və elə etməliyik ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək. Yenə də deyirəm bizim maliyyə imkanlarımız genişlənir. Amma o demək deyil ki, bizim bu sahədə problemlərimiz yoxdur. Ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı bizim çox böyük maliyyə resurslarımız cəlb edilir, səfərbər olunur. Əlbəttə ki, biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində. Qeyd etdiyim kimi, büdcəyə əlavə edildikdə ikinci əsas istiqamət hərbi gücümüzün artırılmasına istiqamətləndirilmişdir. Bu da təbiidir. Beynəlxalq vəziyyət bəllidir. Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi.
Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq.
Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq.
Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərdən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır. Bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir.
Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.
Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.
Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Eyni zamanda, bu sahə bizim üçün prioritet sahələrdən biridir. Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Biz öz işlərimizi bu istiqamətdə aparmalıyıq, o cümlədən qonşu ölkələrlə təmaslar əsnasında. Hüquqi baza var, sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib və biz bunun nəticələrini görürük.