İyulun 10-da paytaxt Bakıda terror aktı törətməyə hazırlaşan Əfqanıstan vətəndaşı həbs edildi.
Əməliyyatı keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilirdi ki, saxlanılan şəxs 1990-cı il təvəllüdlü Favzan Musa Xan adlı şəxsdir.
Onun Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq gördüyünə dair məlumat əldə edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DTX-nin yaydığı məlumatda həmçinin qeyd olunurdu ki, Favzan Musa Xan üçüncü ölkənin Bakıdakı səfirliyinə terror aktı törətməkdə şübhəli bilinir.
Lakin Dövlət Təhlükəsizliyi Xidməti təqsirləndirilən şəxsin hansı xarici ölkənin səfirliyini hədəf aldığını birbaşa açıqlamamışdı. Yayılan görüntülərə isə cinayətə hazırlıq görən şəxsin İsrailin Bakıdakı səfirliyinin yaxınlığında həbs olunduğu əks olunub.
Pravda.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, İsrailin “i24 news” xəbər kanalında dərc edilən yazıda müəllif iddia edir ki, hazırlanan bu cinayətdə İran dəst-xətti aydın görünür.
“İranın birbaşa iştirakını göstərən əsas ipucu Favzan Musa Xanın Əfqanıstan vətəndaşı olmasıdır. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) minlərlə əfqanı Suriyadakı vətəndaş müharibəsinə cəlb edib, müxtəlif birlikləri əvvəl təlimatlandırıb, sonra isə silahlandıraraq Yaxın Şərqdəki qaynar nöqtələrə göndərib”, - yazıda qeyd olunur.