Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Gədəbəy rayonunda doğulmuş, ali təhsilli, evli, Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) iş icraçısı vəzifəsində çalışan Nazim İsmayılov (ad-soyad şərti) 9 iyul 2023-cü il tarixdə "VAZ 2107” markalı avtomobillə Gəncə şəhərindəki H.Əliyev prospektində yerləşən xəstəxananın qarşısında saxlayıb, başçının orada olub-olmadığını soruşub.
Bu zaman mühafizə işçisi ona icra başçısının avtomobilinin həyətdə olduğunu, lakin özünün orada olub-olmadığını bilmədiyini deyib. O mühafizəçiyə bildirib ki, işlə bağlı narazılığı var və nə olursa-olsun başçısı ilə görüşməlidir. Deyib ki, "lazım olsa" maşınını Niyazi Bayramovun avtomobilinin qarşısına sürüb onu saxlayacaq və sözünü deyəcək. Sonra da əsəbi vəziyyətdə avtomobilə oturaraq oradan uzaqlaşıb.