Bu yaxınlarda azadlığa buraxılan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən protest verilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, dövlət ittihamçısı təqsirləndirilən şəxslər barədə hökmdən narazı qalıb.
Prokuror birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Z.Niftəliyev və E.Niftəliyevin külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini istəyir. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z.Niftəliyev həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddəsi ilə təqsirləndirilib.
Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb.