Ötən il avqustun 14-də Gəncə şəhərində intihar edən 1963-cü il təvəllüdlü Dilqəm Abdullayevin ailəsi təhdid edildiklərini bildirir. “Qafqazinfo”ya müraciət edən D.Abdullayevin oğlu Şücaət Abdullayev atasının intiharının səbəbi ilə barışmaq istəməyən bəzi qohumlarının (atasının bacıları, qardaşları, əmisi oğlanları və sair) onlara hədə-qorxu gəldiklərini, yaşadıqları Gülüstan qəsəbəsindəki evə basqın etdiklərini deyib.
Şikayətçi əsasən mərhum atası D.Abdullayevin əmisi oğlu olan Knyaz Abdullayevin hadisənin səbəbi ilə razılaşmaması səbəbindən onlarla münaqişə yaratdığını, ailə üzvləri ilə birgə dəfələrlə yaşadığı evə basqın edərək onları söydüyünü və hədələdiyini bildirib:
“Atam başqa bir qohumumuzun yetkinlik yaşına çatmayan qızına qarşı səhv hərəkət etmişdi. Bu hadisə üzə çıxandan az sonra özünü asaraq intihar etdi. Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparıldı və araşdırma zamanı hadisənin səbəbi kimi atamın etdiyi seksual xarakterli hərəkətlərin məlum olmasından sonra onun özünə qəsd etməsi müəyyən edildi. Prokurorluq cinayət işinin açılmasını rədd etdi”.
Ş.Abdullayev əlavə edib ki, bir sıra qohumları, xüsusilə Kəlbəcər rayon 115 saylı orta məktəbin direktoru vəzifəsində işləyən atasının əmisi oğlu Knyaz Abdullayev və digər şəxslər prokurorluğun qərarı ilə razılaşmayıblar:
“Onlar mənim, anamın, yoldaşımın fərqli ifadə verməyimizi tələb edirlər. Guya atam mənim yoldaşımı, yəni öz gəlinini başqa şəxslə birgə olarkən görüb və bundan sonra təzyiqlərə tab gətirməyərək intihar edib. Əslində isə elə bir hal olmayıb, onlar mənim ailəmi dağıtmaq, yoldaşımı biabır etmək istəyirlər. Əmim Elxan Abdullayev telekanallara çıxaraq mənim və ailəm haqqında şər-böhtan, bizi nüfuzdan salan fikirlər səsləndirib”.