Ramin İsayevlə bağlı əsas ittiham vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır. Yenicag.az xəbər verir ki, bu günlərdə ölkə mətbuatında müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışmış Ramin İsayevin həbsi ilə bağlı xəbərlər yayıldı. Mətbuatda yer alan xəbərlərə görə, onun barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. Ramin İsayev 16 milyon manat mənimsəmədə ittiham edilir.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri ilə bağlı istintaq araşdırmaları uzun illərdir davam edir. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev həbs olunduqdan sonra bank rəhbərliyi ilə cinayətkar əlaqədə olan xeyli iş adamı da cinayət məsuliyyətinə cəlb olunublar. Əldə etdiyimiz məlumata əsasən, Ramin İsayevin də həbs olunması vaxtilə faktiki rəhbəri olduğu “Baghlan Group”la bağlı olan şirkət tərəfindən 2012-2014-cu illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır.