Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.
C.Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış son vəziyyətlə əlaqədar bildirib ki, 15 iyun tarixində məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir.