Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib, saxlanılanlar var.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu, Gülüstan qəsəbəsində kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması barədə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər həmin sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təşkil ediblər. Onlara məxsus sexə baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketlər, boş şüşə qablar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.