Bakıda yol polisi ilə sürücü arasında maraqlı insident baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 9-na keçən gecə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, saat 23:00 radələrində H.Əliyev prospektində xidmət aparan Nizami RPİ-nin DYP şöbəsinin əməkdaşı dövlət qeydiyyat nişanı olmayan motosikletə “saxla” işarəsi verib. Lakin motosiklet sürücüsü işarənin tələbinə əməl etmədən sürərək uzaqlaşmağa başlayıb. Bundan sonra DYP-nin inspektoru polis baş serjantı S.A. həmin motosikleti təqib etməyə başlayıb. Motosikletçi isə restoranlardan birinin qarşısında saxlayaraq sürətlə içəri daxil olub və restoranın tualetinə daxil olaraq qapını arxadan bağlayıb. DYP əməkdaşının və restorandakıların tələbinə baxmayaraq o, qapını açmayıb. Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları cəlb edildikdən sonra onu tualetdən çıxarmaq mümkün olub. Saxlanılan şəxs ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Saxlanılan şəxs daha sonra protokolla birgə Nizami Rayon Məhkəməsinə göndərilib. O, məhkəmədəki ifadəsində peşman olduğunu bildirib: “Mən kuryerəm, verilmiş sifarişi çatdırırdım. Motosikletimin dövlət qeydiyyat nişanı yoxdur. Əvvəlcə polisin “saxla” işarəsini görmədim, bunda sonra polis məni təqib edərkən motosikleti dayandırmadan restoranın ərazisinə daxil oldum. Polisdən qorxduğuma görə onlara qarşı tabesizlik etmişəm, lakin əməlimdən peşmanam”.