2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli modern.az-a bildirib.
O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib. “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq. Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq:
“Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.
Erkin Qədirli sosial şəbəkə hesabında yazıb ki, seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir.