"2007-ci ildə Ağsu rayonu, Ərəbsarvan kənd Bələdiyyəsindən heyvandarlığın inkişaf etdirilməsi üçün 30 il müddətinə icarəyə götürdüyüm 124 hektar torpaq sahəsi qanunsuz olaraq əlimdən alınıb". Bunu Bakupost.az -a açıqlamasında Ağsu şəhər sakini Elşən Məhəmməd oğlu Məmmədov bildirib.
Onun sözlərinə görə, icarə etdiyi torpaq sahəsi nüfuzlu və imkanlı şəxs tərəfindən zəbt olunub:
"Yuxarı Şirvan kanalının cənub tərəfində, Kürdəmir qobusu ilə su kanalının arasında yerləşən həmin ərazidə təyinata uyğun olaraq, mal tövləsi, iki qoyun damı, quzu damı, çoban evi, iki talvar, işçi otaqları və anbar olmaqla ümumilikdə 1437,8 kv.m-lik tikinti işləri aparıb".
E.Məmmədovun sözlərinə görə, digər işlərilə əlaqədar sonradan təsərrüfatın idarəçiliyini etibarnamə ilə qardaşı İbrahim Məmmədova həvalə edib. 2016-cı ilə qədər müqavilə rüsumunun ödənildiyini və işlərin tam qaydasında getdiyini bildirən şikayətçi qeyd edib ki, 2016-cı ilin əvvəlində qardaşı dünyasını dəyişib. Elə hər şey də bundan sonra başlayıb:
“Bir müddət başımız hüzürə qarışdı. Həm də özümün digər işlərimi qaydasına salmağa vaxt lazım idi. Ondan sonra əraziyə baş çəkdim. Gördüm ki, orada bütün tikintilər dağıdılıb. 30 il müddətinə icarəyə götürdüyüm ərazidə başqa adamların böyük tikinti işləri apardığının şahidi oldum. Onların kimliyi ilə maraqlandım. Dedilər, Mikayıl İsmayılov ərazini alıb. O, həmin vaxt SOCAR-ın vitse-prezidenti idi, hazırda Ekol Mühəndis Xidmətləri Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir".

Ərazinin Mikayıl İsmayılova verildiyinin öyrənən Elşən Məmmədov məsələ ilə bağlı bələdiyyəyə üz tutub:
"O vaxtlar bələdiyyənin sədri Gülsüm Əhmədova idi. Ondan nə baş verdiyini soruşdum. O da bildirdi ki, guya qardaşım yeri Mikayıl müəllimə satıb. Dedim, qardaşım haqq dünyasındadı, yoxluğundan istifadə etməyin, 30 illik icarə müqaviləsi mənim adımadır, əgər qardaşımın elə bir fikri olsaydı, mənimlə məsləhətləşər, ailəsinə xəbər verərdi".
Elşən Məmmədovun sözlərinə görə, qardaşı ağır xəstəlik keçirdiyi üçün fermada saxladıqları heyvanları satmaq məcburiyyətində qalıb:
"Mənim bundan xəbərim vardı. Amma ərazinin satılması barədə heç bir məlumatım yox idi. Qardaşımın ailəsindən də soruşdum, dedilər ki, İbrahim nə torpağı satmağı, nə də əgər satıbsa, aldığı pul barədə bizə heç nə deməyib. Qarşı tərəf - Mikayıl İsmayılov isə qısa müddətdə sözügedən ərazidə böyük “Aqropark” inşa etmişdi. Maliyyə imkanlarım olmadığından, həm də Mikayıl İsmayılovun yüksək vəzifə daşıması səbəbindən məhkəmə çəkişmələrinə qoşulmadım. Sonradan Daşınmaz Əmlakın Şamaxı Regional Reystr Xidmətindən öyrəndim ki, mənimlə Ərəbsarvan bələdiyyəsi arasında 30 illiyə bağlanmış 14 mart 2007-ci tarixli, 09 saylı müqavilə əsasında əlimdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təsis etdiyi kadasr məlumatlarının kökü elektron bazadan silinib".
Elşən Məmmədov bildirib ki, 2016-cı ildə qardaşının ölümündən sonra həmin əraziyə Mikayıl İsmayılovun qardaşı Müşfiq İsmayılovun adına reystr xidmətindən çıxarış alınıb:
"Yəni, mənim xəbərim olmadan icarəmdə olan torpaq sahəsi Mikayıl İsmayılovun vəzifə səlahiyyətləri və külli-miqdarda var-dövlət sahibi olmasının güdazına getdi. Dünyasını dəyişən qardaşımın adından saxtakarcasına istifadə etdilər. Bizim həmin ərazidə dəyəri 100 min manatla ölçülən tikililərimiz qanunsuz şəkildə dağıdıldı".