Bu gün xalq artisti, milyonların sevimlisi Telman Adıgözəlovun 70 yaşı tamam olur. Bu günü onsuz qeyd edirik.
Deyilənə görə, hər ad günündə kövrələrmiş, gözləri dolarmış. Ömrünün qısa olacağını hiss edirmiş bəlkə də. Həyatı boyu 57 rəqəmindən qorxan bu möhtəşəm aktyor 57 yaşında həyatla vidalaşıb. Ürəyinə daman qorxu səbəbsiz deyilmiş. Ürəklərə sevinc verən adam ürəktutmasından dünyasını dəyişib. Ölümündən sonra biliblər ki, ürək damarlarında tromblaşma gedirmiş, amma həkimlər onu ürəyindən yox, osteoxondrozdan müalicə ediblər. Aktyorun yaxın dostu, Xalq artisti Firəngiz Mütəllibova Lent.az -a onunla bağlı xatirələrini danışıb: “Telman bu fobiyasına görə, avtomobilinin 57 ilə bitən nömrə nişanını da dəyişmişdi. 57 yaşında ürək tutmasından dünyasını dəyişdi. Çox gözəl insan idi Telman. Çox gözəl geyinərdi. Deyirdi, aktyor baxımlı olmalıdır. Hərdən dostları deyəndə ki, dişlərini düzəltdir, deyirdi, “diş həkimindən qorxuram. Dişimə iynə vursalar, stoldan qalxmayacağam”. Baxmayaraq ki, öz qızı da diş həkimi idi, amma bu qorxusunu dəf edə bilmirdi”, - deyə Firəngiz xanım bildirib.
“O, hamının dərdinə yanan, fikrini çəkən adam idi. Hər kəs Telmanı gülüb-danışan, məclis adamı kimi görürdü, amma əslində çox fikir edən, hər şeyi ürəyinə salan insan idi. Çox ürəyiaçıq, şən, hazırcavab, mülayim insan idi. Kömək eləməyi sevirdi. Dostlarla məclisdə oturanda hamı elə bilərdi ki, içib. Halbuki ağzına bir damla da içki dəyməzdi, içən deyildi. Zarafatla deyirdi ki, məclisdəkilər içir, mən sərxoş oluram. Hələ də teatra girəndə elə bilirəm, qapılardan birindən çıxıb, “Firoş” deyə məni səsləyəcək”, - deyə aktrisa qeyd edib.
Firəngiz xanım Telman Adıgözəlovla ilk tanışlıqları barədə də məzəli xatirəsini bölüşüb: