Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

GAP sədri: “Yaranmış yeni siyasi konfiqurasiyadan maksimum yararlanmalıyıq”

3 170
Paylaş:
GAP sədri: “Yaranmış yeni siyasi konfiqurasiyadan maksimum yararlanmalıyıq”

“Azərbaycanda aparılan siyasi islahatlar fonunda, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar müxalifət dialoqunun inkişafı, ictimai-siyasi proseslərdə müstəqillik illərində bir sıra ilklər yaşanmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ReAL partiyasının sədri İlqar Məmmədov və İnsan Haqları klubunun rəhbəri Rəsul Cəfərov barəsində elan etdiyi məlum qərar da bu ilklərdəndir. Ali Məhkəmə tərəfindən verilən qərar qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının ali hüquqi prinsiplərə əsaslanmalarını bir daha ortaya qoymuş oldu”.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.

A.Şakiroğlu qeyd edib ki, bu addıma “ağız büzən” və ilk fürsətdə ölkədə dialoq mühiti fonunda formalaşmaqda olan sivil iqtidar-müxalifət münasibətlərini dəyərləndirə bilməyən (və ya dəyərləndirmək istəməyən) marginal qruplar görülən müsbət işlərə, atılan müsbət addımlara qarayaxma cəhdlərində bulunurlar: “Bu cığal siyasətbazlar indi də İlqar Məmmədovu və dövlətin atdığı müsbət addımları ləkələmək yolu tutublar. Amma anlamırlar ki, həyat bioqrafiyası başdan ayağa ləkədən ibarət olan birilərinin nə deməsinin və nə danışmasının heç bir əhəmiyyəti yoxdur! Bu marginal və qaragüruh qrupların dövlət və sivil münasibətlər əleyhinə fəaliyyəti, böhtanları bir daha onların hakimiyyətlə deyil, dövlətçiliklə müxalifətçilik etmək sevdalarından irəli gəldiyini ortaya qoymuş oldu. Axı dövlət və dövlətçiliklə düşmən mövqedə necə dayanmaq olar? Məgər bu dövlət bizlərin hamımızın deyil?!”

Partiya sədri vurğulayıb ki, dünyanı bürüyən koronavirus pandemiyası dövründə ölkə rəhbərliyinin siyasi islahatlar kursunu davam etdirməsi Azərbaycanda sabitliyin möhkəmlənməsinə, ölkəmizin ümumi inkişafı və demokratik proseslərin sürətlənməsinə hesablanıb: “Hesab edirəm ki, biz də ölkənin idarə olunmasında, cəmiyyətimizin və xalqımızın problemlərinin həlli istiqamətində mövqe sərgiləməliyik. Yaranmış yeni siyasi konfiqurasiyadan maksimum yararlanmalıyıq və demokrarik qüvvələrin ölkənin ictimai-siyasi həyatında rolunu artırmalıyıq. Daha hər bir rəngarəng işi qara rəngdə görmək dövrü keçmişdə qalıb. Ölkədə çoxpartiyalı sistemin inkişafı, yeni siyasi islahatların aparılması, siyasi partiyaların dövlətçiliyin güclənməsi, demokratik Azərbaycan quruculuğu proseslərində iştirakı yeni siyasi partiyaların qeydiyyatı ilə nəticələnib. Uzun müddət ərzində yeni siyasi partiyaların qeydiyyat məsələsinin yubanması, eləcə də təsis edilmiş partiyaların dövlət qeydiyyatına alınmaması, bu məsələlərin beynəlxalq müstəvidə də öz narahatlılığını ifadə edib. Azad Demokratlar və Yeni Zaman partiyaların dövlət qeydiyyatına alınması ölkədə siyasi plüralizmin inkişafına, çoxpartiyalıq sistemin inkişafına gətirib çıxarır. Bu ölkə rəhbərliyinin yeni siyasi kursunun açıq nümayişi, eyni zamanda islahatlarının davamı və siyasi mədəniyyətin inkişafına böyük töhfəsidir. Düzdür, rəhbəri olduğum Gələcək Azərbaycan Partiyası hələ dövlət qeydiyyatına alınmayıb. Amma əminəm ki, başladılmış proses uğurla davam edəcək və Gələcək Azərbaycan Partiyası da daxil digər fəaliyyəti olan real partiyalar da dövlət qeydiyyatına yaxın vaxtlarda alınacaqlar”.

O xatırladıb ki, ötən yay mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfat getdikdə dövlət onun cənazəsini Türkiyədən Azərbaycana gətirdi: “Daha sonra bütün dəfn xərclərini öz üzərinə götürdü. Ardınca Bakıdan Naxçıvana getmək istəyən yaxınları və sevənlərinin rahat hərəkəti üçün 2 təyyarə ayrıldı. Dəfn mərasimində iştirak etmək istəyən insanlar Bakıdan Naxçıvana ayrılmış 2 təyyarə ilə tam ödənişsiz gedib gəldilər. Bu yaradılmış şəraitdən istifadə edənlər arasında müxalif Müsavat Partiyasının rəhbərliyi də oldu. Ən sonda isə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə “Heydər” məscidində Həlimə Əliyevanın 3, 7 və 40 mərasimləri keçirildi. Minlərlə Elçibəy və Həlimə xanım sevənlər bu yas mərasimində iştirak etdi. Eyni zamanda bu günlərdə müxalif düşərgədə təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicəsi dövlət hesabına həyata keçirildi. Ailəsinin bildirdiyinə görə, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya edilmiş müraciət nəticəsində bu müalicə dövlət hesabına həyata keçirilib. Bu olduqca sevindirici və müsbət bir haldır. Eləcə də hüquq müdafiəçisi Oqtay Gülaliyevin Heydər Əliyev Fondu tərəfindən müalicəsinin Türkiyədə davam etdirilməsini deyə bilərəm. Bütün bunlar hakimiyyətin və şəxsən prezident Əliyevin, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın humanist keyfiyyətləriniN sübutudur mənim üçün. Siyasi mövqeyindən asılı olmayaraq iqtidar və hakim komanda sözdə deyil, əməldə də vətəndaşın qarantı rolunda çıxış edir. Bu baxımdan ölkədə sağlam siyasi münasibətlərin qurulması dövlət siyasətinin əsas mahiyyətini bir daha nümayiş etdirir. Əhməd Orucun, Oqtay Gülaliyevin dövlət tərəfindən müalicəsi, Həlimə Əliyevaya və Elçibəy ailəsinə göstərilən diqqət böyük hadisədir və sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmaqda olan təzahürüdür.  Bu cür müsbət işlərə “mız” qoymağa çalışan avantürist, marginal qruplar Həlimə xanım rəhmətə gedəndə, Oqtay Güləliyev qəza keçirəndə, Əhməd Oruc xəstəliyi ilə ortalıqda qalanda harada idilər?! Elçibəyin ailə üzvünün, lap dəqiq desəm, həyat yoldaşının cənazəsi ortada qalsaydı, Oqtay Gülaliyev və Əhməd Oruc müalicə edilməməsi səbəbindən dünyadan köçsəydi Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi “siyasi xadimlərin” ürəyincəmi olacaqdı hər şey?! Bir az böyük düşünmək lazımdır. Onu da anlayıram ki, böyük düşünmək böyük insanlara xas olan keyfiyyətdir. Bu böyüklük də, təəssüf ki, sizdə yoxdur...”

Paylaş:

Ən son xəbərlər