Körpələrin qidalandırması üçün qəbul edilmiş cədvəllərin olmasına baxmayaraq, bu məsələdə hər bir körpəyə fərdi yanaşmaq lazımdır. Elə uşaq var ki, tez-tez yemək istəyir, digəri isə bir dəfəyə çox yeyir və növbəti qidaya qədər olan müddət onun rejimində daha uzun olur.
Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov bildirib. Onun sözlərinə görə, eyni zamanda, onlar böyüdükcə həm birdəfəlik qida miqdarları, həm də qidalar arasındakı zaman da artır. Tibb mütəxəssisləri uşaqda aclıq hissi yarananda onları qidalandırmağı məsləhət görürlər:
"Əksər yenidoğulmuşlar hər 2-3 saatdan bir və ya gün ərzində 8-12 dəfə qidalana bilərlər. Həyatın ilk günlərində bir qidalanma həcmi 15-20 ml olur, sonra 30-60 ml-ə qədər qalxır və körpənin 3-4 həftəsinə artıq 60-90 ml-ə kimi çatır.
İki ayadək uşaqlar gün ərzində bədən çəkisinin təqribən 1/5 qədər (600-900 ml) qida qəbul edirlər. İki aylıq körpələr birdəfəyə təqribən 120-150 ml, dörd ayında 120-180 ml gündə 6-8 dəfə yeyə bilərlər. 6-12 ay ərzində uşaqlar gün ərzində 210-240 ml olmaqla 4-6 dəfə qidalana bilərlər. 2-4 aylıq uşaqlar üçün gündəlik qidanın həcmi çəkilərinin 1/6-i, yəni 800-1000 ml, 4-6 ay üçün çəkinin 1/7-i (900-1000 ml), 6 aydan 1 yaşadək isə bu çəkinin təqribən 1/8-i, yəni 1000-1200 ml qədər olur.
6 ayadək uşaqda çəki hər ay təqribən 600-800 qr, 6 aydan sonra isə təqribən 400-600 qr artır. Körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir. Çünki hərtərəfli inkişaf üçün, xüsusən də mədə-bağırsaq sisteminin tədricən ağızdan qəbul edilən qidaya öyrəşməsi, immun sisteminin normal fəaliyyəti, ana-uşaq əlaqələrinin yaranması və s. üçün ana südü ilə qidalandırma çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir.
Əvvəllər meyvə şirələrini, məsələn alma şirəsini 3 ayından sonra başlayaraq vermək məsləhət görülürdüsə, indi isə ümumiyyətlə meyvə şirələrini 1 yaşadək uşaqlara vermək məsləhət görmürlər. 1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlarda müəyyən problemlərə gətirib çıxara bilər. Körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır. Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 95 faizi sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu baxımdan, ÜST istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür.
6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan sonra verilməsi tövsiyə olunur.