Yevlax Şəhər İcra Hakimiyyəti yolların və mənzil fondunun əsaslı təmiri ilə bağlı tenderlərə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderlərin qalibi "Təmir-İnşaat” MMC və "M-House Construction” MMC seçilib.
İcra Hakimiyyəti ilə "Təmir-İnşaat” MMC arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 541.472,25 AZN, "M-House Construction” MMC ilə bağlanacaq müqavilənin maliyyə dəyəri isə 232.482,89 AZN-dir.
"Təmir-İnşaat” MMC Yevlax şəhərində yolların, "M-House Construction” MMC isə mənzil fondunun əsaslı təmirini həyata keçirəcək.
Bəs Yevlax Şəhər İcra Hakimiyyətinin iri məbləğli tenderlərinin qalibi olan bu şirkətlər kimindir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Tərtər-İnşaat” MMC 15 dekbar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ. Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, indiyə qədər şirkətin Elnur Hacıyev də daxil 5 qanuni təmsilçisi olub. Şirkət yarananda onun qanuni təmsilçisi kimi Səlimov Məzahir Yaqub oğlunun adı qeyd edilib. Məzahir Səlimov inşaatçıdır. O, 2020-ci ildə 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib. Açıq mənbələrdə Məzahir Səlimov haqqında bundan başqa heç bir məlumata rast gəlinmir.
2009-cu ildə Məzahir Səlimovu Dadaşov Bərxudar Astan oğlu əvəzləyib. Bərxudar Dadaşov 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar "Tərəqqi” medalı ilə təltif olunub.
Bərxudar Dadaşovdan sonra şirkətin qanuni təmsilçisi Ağayev Azər Aqronom oğlu olub. Azər Ağayev barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəlli olan odur ki, bu şəxs hazırda "Tərtər İnşaat 23” MMC-nin qanuni təmsilçisidir. Azər Ağayevin "Təmir-İnşaat” MMC-də fəaliyyəti 2014-2019-cu illəri əhatə edir.
2019-cu ildə isə onu Məmtiyev Raquf Rəhim oğlu olub. Raquf Məmtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. Mediada gedən məlumatlara görə, o, hazırda həbsdə olan keçmiş naziri Səlim Müslümovun kadrıdır. O, Səlim Müslümovun nazir olduğu dönəmdə Dövlət Sosial Müdafiə Fondunun Bərdə şöbəsinin müdiri vəzifəsində çalışıb.