Çox vaxt nümayiş xatirinə dəbdəbəli keçən toylarımıza yeni trend əlavə olunub. Artıq ailə quran xanımlar toyda 2 və ya 3 gəlinlik dəyişirlər.
Ötən gün aparıcı, aktrisa Çinarə Əliyeva və estetik cərrah Ruslan Rəsulun toyunda da eyni hal yaşandı.
Aparıcı bildirdi ki, məclisdə o, nə az, nə çox düz üç gəlinlik dəyişəcək. Həmçinin üç gəlinlik ona 45 min manata başa gəlib. Bəs görəsən, bir toyda 3 gəlinlik dəyişmək dəbdirmi? Məşhurlar bunu niyə edir? Xarici təcrübədə də bu cür addımlar atanlar varmı? Məsələ ilə bağlı Yenisabah.az-a danışan modelyer-dizayner Şəlalə Maqsudova bildirib ki, xarici təcrübədə belə bir "trend" yoxdur: "Doğrudur, bu gün nümayiş xatirinə toylarımızda bir neçə gəlinlik geyinilir. Təbii ki, bu, nümayiş xatirinə, insanlara göstəriş üçün olunan işdir. Əlbəttə ki, xaricdə belə bir trend yoxdur. Əksinə, onların geyimləri o qədər sadə olur ki, hətta gəlinlik libasında işlənilən parçalar belə sadə, qaşsız, bəzəksiz olur. Onların gəlinlik libası şolk, ipək, dantel, küpür və ya kətandan işlənmiş sadə, yüngül geyimlərdir".