Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda Özbəkistan Prezidenti ilə telefon danışığını xatırlayaraq söhbət zamanı Şavkat Mirziyoyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik etdiyini və əlaqələrimizin bütün istiqamətlərdə müsbət inkişaf dinamikasına malik olmasından məmnunluq ifadə edildiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Özbəkistanın Baş naziri Abdulla Aripovun ölkəmizə səfərinin əhəmiyyətini qeyd etdi.
İkitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirdi.
Abdulla Aripov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını Prezident İlham Əliyevə çatdırdı və vurğuladı ki, Özbəkistan Prezidenti həmişə dostu və qardaşı Prezident İlham Əliyevlə təmaslardan böyük məmnunluq duyduğunu bildirir.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.
Abdulla Aripov Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğuladı ki, bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir.