Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər azadlığa buraxıldı. Onlar arasında MTN generalları Akif Çovdarov və Sübahir Qurbanov da var.
Aprelin 23-də isə Ali Məhkəmənin pelnum iclası REAL sədri İlqar Məmmədov və Rəsul Cəfərov barəsində bəraət hökmü çıxardı. İlqar Məmmədov 234 min, Rəsul Cəfərov isə 57 min manat mənəvi təzminat alacaqlar. Bu qərarlar əfvlə azadlığa buraxılan şəxslərin - xüsusi ilə də MTN generalları Akif Çovdarov və Sübahir Qurbanovun da bəraət ala bilməsi məsələsini gündəmə gətirib.
Əfv edilən şəxs bəraət ala bilərmi? Həmin şəxsə hansı halda kompensasiya ödənilir? Bir neçə il həbsxana həyatı yaşayan şəxsin yenidən bəraət almaq üçün məhkəməyə müraciət etməsi üçün prosedur necədir? Bərəat alan şəxsə ödəniləcək kompensasiya necə hesablanır?
Vəkil Anar Məmişov deyir ki, bir şəxsin əfvlə azadlığa buraxılması onun bəraət alması hüququnu əlindən almır.
“Ölkəmizdə də bunun dəfələrlə şahidi olmuşuq. Barəsində hökm çıxarılan, sonradan isə əfvlə azadlığa buraxılan şəxs yuxarı instansiya məhkəmələrində bəraət qazana bilib. Sadəcə burada bəzi prosedur məsələlər-şikayətin verilməsi ilə bağlı müddət var. Əgər şikayət vermə müddəti buraxılıbsa, bu mümkün deyil”- deyə Anar Məmişov bildirib.
Xatırladaq ki, Akif Çovdarov barəsində çıxarılan 12 illik həbs qərarından kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.
Anar Məmişov bildirir ki, Akif Çovdarov və işi Ali Məhkəmədə olan digər əfv edilən şəxslər bəraət ala bilərlər: “Bir daha təkrar edim ki, əfv edilən şəxsin bərəat almaq hüququ onun əlindən alınmır. Bu, əfv edilən şəxsin öz seçimidir. İstəsə şikayət verə bilər, istəməsə yox. Akif Çovdarov və işi Ali Məhkəmədə olanların məhkəməsi davam etdirilir. Ali Məhkəmə araşdırmadan sonra onlara bəraət də verə bilər. Ali Məhkəmənin qərarından narazı qalan şəxs Avropa Məhkəməsinə də müraciət edə bilər. Avropa Məhkəməsi onun xeyrinə qərar çıxararsa, Ali Məhkəmənin plenum iclasında işə yenidən baxılır”.
Anar Məmişov bəraət alan şəxsə ödəniləcək kompensasiyanın necə müəyyn edildiyini də açıqlayıb.
“Məhkəmə bərəat hökmü çıxararkən mənəvi təzminatın, kompensasiyanın məbləğini elan edə bilər, ya da həmin şəxsə mülki qaydada bu təzminatı tələb etməyin yolunu izah edə bilər. Azərbaycanda adətən ikinci qeyd etdiyim hal baş verir. Yəni, izah edilir ki, bəraət alan şəxs yenidən mülki qayada məhkəməyə müraziət edərək maddi və mənəvi təzminat tələb edə bilər. Amma İlqar Məmmədov və Rəsul Cəfərovun işlərində fərqli oldu. Məhkəmə qərarında onlara ödəniləcək kompensiaysanın məbləği də elan edildi. Bu, Azərbaycanda ilk dəfə idi”- deyə vəkil Anar Məmişov bildirib.
Aprelin 23-də bəraət almış Rəsul Cəfərovun vəkili Fariz Namazlı da bu mövzuda suallarımızı cavablandırıb.