Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-a meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
R.Cənnətov meyxana ustadının vəziyyətinin eyni qaldığını bildirib:
“Dünən saytlarda dayımın vəziyyətinin pisləşməsi ilə bağlı məlumatlar gedib. Hər kəs narahat olub. Vəziyyəti əvvəlki kimidir. Necə varsa, elədir. Həkimlər bacardıqlarını edirlər. Düzdür, ağrıları olur. Yataqda olan adamdır. Ayağa qalxmaq istəyir. Bütün günü qışqırmır. Beyni ilə əlaqəlidir. Birdə görürsən ki, danışır, söz başa salmağa çalışır, adam tanıyır. Bəzən elə olur ki, heç kəsi görmək istəmir”.
Bacısı oğlu dayısının dərdinə çarə tapılmadığını qeyd edib:
“Müalicəsi davam etdirilir. Həkim əlindən gələni edir. Diaqnozu beyin insultudur. İnsult var düzəlir, bu düzəlmir. Dərdinə çarə tapılmır. Heydər Əliyev Fondu müalicəsini üzərinə götürdü. İsrailə qədər sənədlərini göndərdilər. Lakin həkimlər əməliyyata razı olmadılar. Dedilər ki, ocaq yuxarıda olsaydı, əməliyyat mümkün idi. Aşağıda olduğu üçün çətindir”.