“Biz bu sənətə gələndə nə maaş, nə ailə fikirləşirdik. Deyirdik ki, bircə sənətdə arzu etdiyimiz rolları oynayaq. Mən o rollarla, obrazlarla sənətə gəlmişəm. Çox rollar var idi ki, mənə onları oynamaq qismət olmayıb. Çünki xarici görünüşümlə həmin obrazlar düz gəlməyib. Mən axı xarici görünüşcə “Hamlet”, “Otello” deyiləm. Amma arzularım onlar olub. Kaş Allah məni elə sifətdə yaradaydı ki, o rolları oynaya biləydim. Rejissorlar mənə baxan kimi deyərdilər ki, bu obraz Valehindir. Onlar mənə qismət olmayıb. Sənətə gələndə elə bilirdim ki, Cəfər Cabbarlının əsərləri ilə tanınacağam. Onların heç birində oynamamışam”.
Pravda.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Valeh Kərimov deyib.
“Moşu” obrazı məni dala atdı, sənətimi kölgədə qoydu. Kino sahəsində, əlbəttə ki. “Bəxt üzüyü” filmindən sonra teatrda dramatik obrazlar oynamışam. Amma filmə gedəndə rejissorlar deyiblər ki, sifət “Moşu”nundur da. Onunla da mənim film həyatım bitib. “Bəxt üzüyü” filminin çəkiliş meydançası o qədər gülməli və maraqlı idi ki... Amma buna baxmayaraq təhlükələrdən də yan keçmədi. Oradakı uşaqlardan biri Afaq Bəşirqızının öz oğlu idi. Orada iki qardaş da var idi. Fasilə vermişdilər, baş qarışmışdı, o uşaqlardan biri gedib girmişdi dənizə. Bir də gördük ki, haray-qışqırıq qopdu. Tez gedib uşağı boğulmaqdan xilas etdilər”, - deyə sənətkar bildirib.
Valeh Kərimov yenidən Afaq Bəşirqızı ilə səhnəni bölüşmək istəyindən də danışıb.