“Dünən bu saatlarda (19 iyul-red) hava limanında idik. Səni yola salırdım Bakıya: övladının, ailənin, səni sevdiklərinin yanına. Əslində, iyulun 27-də Bakıya bərabər getməli idik, amma qəfil halı pisləşdi. Həkim məni otağına çağırdı və həyatımda ən ağır sözləri eşitdim: “Son günlərini, bəlkə də, saatlarını yaşayır. Dostunuzu ailəsinin yanına göndərin. Son”.
Pravda.az xəbər verir ki, bunu ANS-in sabiq əməkdaşı, “Palmali”nin sözçüsü Fidan Quliyeva tanınmış aparıcı Natəvan Babayevanın vəfatı ilə bağlı yazdığı statusda qeyd edib.
“Yer ayağımın altından getdi sanki. Boğularaq otaqdan çıxdım. Yorğun, ağrılı, halsız gözləri mənim üzümə, hər cizgimə diqqətlə baxırdı. Mən heç nə olmamış kimi, “Natəvan, bir həkim Bakıya uçur, səni onun nəzarətində Bakıya göndərək” dedim. Yanında zəng edib bilet aldım və sən demə, son 2 bilet imiş. Natəvan mənə dedi: “Bu, lap nağıl kimi oldu. Həkim, son biletlər, qan köçürülür mənə… Bu nə deməkdi, Fidan?” Dedim, səni Allah çox sevir, Natəvan, yolunu açır, gedəsən, uşağını görəsən. Bütün dərmanları buradan göndərəcəyik. Həmişə olduğu kimi”.