BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Əli Kərimliyə və tərəfdarlarına tövsiyəm odur ki, başqalarına qarayaxmadan...”

Siyasi danışıqlar haqqında

 

1990-ci il, Cənubi Afrika Respublikası, 27 il aparteid zindanında yatan Nelson Mandela öz tərəfdarlarına türmədən məktub yazaraq hakimiyyətlə, rejimlə danışıqlara başladığını bəyan edir. Danışıqlar nəticəsində Mandela zindandan çıxır, CAR-da sistemin transformasiyası başlayır, aparteid rejimi ciddi güzəştlərə gedir, sistem dəyişikliklərinin əsası qoyulur. Yumaşaq keçidlə vətəndaş müharibəsinin qarşısı alınır və CAR yavaş-yavaş Afrikanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilir. Madela da ciddi güzəştlərə gedir, maliyyə, mülkiyyət və hüquq amnistiyası elan edilir. Amma 1990-cı ildə Madela hakimiyyətlə danışıqlara başlayanda Zulus tayfasının liderlərindən biri Mangosuthu "Gatsha" Buthelezi adlı şəxs (CAR-ın “Inkatha Freedom Party”-nin rəhbəri), az qala Mandelanı satqın elan edir, danışıqların əlehinə çıxır. O anti-kommunist idi, guya ən sərt müxalifətçi idi, amma sonradan məlum oldu ki, Buthelezi 1970-ci illərdən aparteid rejimi ilə gizli təmasda, danışıqlarda olub. O da məlum oldu ki, məhz rejimin içində olan bəzi güclərdən gələn göstərişlə Mandela ilə hakimiyyətin danışıqlarının əlehinə çıxırmış. Amma Mandela doğru bildiyini edir, 27 il zindan əzabına baxmayaraq milli barışığa gedir. Zulus tayfasının gücünü nəzərə alaraq sonradan Buthelezini nazir təyin edir. CAR-ın post-ararteid tarixinin ən korrupsioner naziri olur.

Türmədən çıxandan sonra Mandelanın rejimlə danışıqlar aparmasına bir çox siyasilər, qəbilə başçıları qarşı çıxdı, amma o doğru olanı etdi, CAR-ın sivil yolla dəyişməsinin əsasını qoydu, vətəndaş müharibəsinə imkan vermədi. 27 ilin əziyyətinə baxmayaraq qisasçı olmadı, milli barışıq istədi – sonda haqlı olduğu məlum oldu, bu gün CAR dünyanın 20 ən böyük iqtisadiyyatı olan ölkələr sırasındadı.

 

Azərbaycanda Milli Barışığa ehtiyac var, qisasçılıq üzərində qurulan ritorikanın sonu vətəndaş müharibəsidir – buna imkan vermək olmaz. Hökumətlə müxalifətin danışması, müzakirələr aparması doğru yoldur, ölkənin gələcəyi üçün vacib bir institutdur. Amma danışıqlar daha predmetli, məmləkətin problemlərinin həllinə yönəlik olmalıdır. Təbii könül istərdi ki, Parlament seçkiləri normal olsun, Milli Məclisdə siyasi fraksiyalar formalaşsın və məhz Parlament çatısı altında dialoq və müzakirələr baş tutsun. Amma reallıq başqadır: Majoritar seçki sistemində, əsasən də bölgələrdən demokratik seçkilərdə siyasi kimliyi və ideoloji duruşu olan şəxslər, partiyalar deyil də, müxtəlif mafioz qruplar, varli şəxslər, klan nümayəndələri, böyük nəsil təmsilçiləri seçiləcək. Ona görə də, hökumətlə danışıqların ilk mövzularından biri proporsional seçkiyə keçid olmalıdı, məncə, olacaq da.

 

Dünyada baş verənlər onu deməyə əsas verir ki, Bəşəriyyət uzun müddətli siyasi və iqtisadi böhrana qədən qoyur, davranışq qaydalarından tutun da, düşüncə tərzinə qədər çox şey dəyişir-dəyişəcək. Bu yeni Dünyada Azərbaycanın ausayder olmaması üçün ortaq ağıla, milli barışığa ehtiyac var. Böhranlı dövrlərdə tədbirli hökumətlər həmişə məsuliyyətin və səlahiyyətin bölüşdürülməsinə gedirlər – bizdə də artıq şərait yetişib. Səlahiyyətin dar bir çərçivədə, təkəldə cəmləşməsi artıq risklər yaradır, çünki o zaman məsuliyyət də mərkəzləşir – indi səlahiyyətin böyüşdürülməsi yolu ilə məsuliyyəti də böyüşmək zamanıdır. Bizim, REAL-ın danışıqlara, hökumətlə təmaslara baxışı məhz siyasi məsuliyyət məsələsindən doğur – həmişə boş populizmdən uzaq olmuşuq. REAL seçkiyə də, mitinqə də gəlməyən toplum üçün fərqli çıxış yolları haqqında düşünür, ölkə çox böyük böhran və çağırışlarla üzbəüz qaldığını nəzərə alaraq məsuliyyətli davranmağa çalışır.

 

Sonda müxalif partiyalara dostcasına tövsiyəm var:

AXCP – Əli bəyə və onun sözündən çıxmayan tərəfdarlarına tövsiyəm odur ki, başqalarına qarayaxmadan, çamur atmadan, “əsl müxaliflik” testi uydurmadan öz yolları ilə getsinlər. Əgər tutduqları yola inanırlarsa, biz ancaq uğur diləyə bilərik. Təki uğurlu olsunlar – amma başqa cür düşünənlərə, davrananlara damğa vurmaq kimi anti-demokratik davranışdan əl çəksinlər. Kiçicik tövsiyəm də odur ki, AXCP öz ritorikasına görə “soldur”, amma nədənsə israrla özünü “sağ” kimi təqdim edir – ölkədə güclü sol partiyaya ehtiyac var, 20 illik (partiyann başına Əli bəy keçən gündən) eyni ritorikanı kənara qoyub sözün siyasi mənasında “sola” dönsünlər, məncə, uğurlu alınacaq, bizim üçün də siyasi müstəvidə, ideoloji çərçivədə rəqabətli mühit olacaq.

Müsavat – Çox sevdiyim Partiyadır, çünki tarixi rolu var, olub, ümid edirəm ki, olacaq da – amma, çalışsınlar ki, artıq özləri olsunlar, daim AXCP-yə baxıb addımlar atmasınlar, onları “müxalifət etalonu” sayıb, məhz o cinahdan gələ biləcək tənqidlərdən çəkinərək özləri olmaqdan vaz keçməsinlər. İmkan vermək olmaz ki, kimsə bu məmləkətdə “müxalifət naziri” olub, kinim əsl müxalif olub-olmamağına qərar versin - bu həm absurd, həm də anti-demokratikdir yanaşmadır...

 

Natiq Cəfərli

 

ReAl Partiyanın funksioneri

Tarix: 25 Aprel 2020, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin