Kambocada ingilis dilini tədris edir. Uzaq və tam fərqli ölkə olsa da, burada şagirdlərə daha faydalı olacağını düşünür. Deyir ki, bu ölkədə müəllim hər zaman haqlıdır. “Kaspi” qəzetinin müsahibi Kambocada müəllim işləyən azərbaycanlı Elnur Kərimovdur. Həmsöhbətimiz Sumqayıtda anadan olub. Ali təhsilini Qafqaz Universitetinin (İndiki Bakı Mühəndislik Universiteti) ingilis dili və ədəbiyyatı fakültəsində alıb. İlk müəllimlik təcrübəsinə də elə sözügedən universitetdə başlayıb. Eyni zamanda, Bakıda və Sumqayıtda fərqli kurslarda ümumi və biznes ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Daha sonra fəaliyyətini Kambocada “Paragon İnternational School Combodia”da (Kamboca Paraqon beynəlxalq məktəbi) davam etdirib.
- Elnur müəllim, insanların əksəriyyəti adətən iş üçün Avropa, Amerikaya üz tutur. Nə üçün Asiyanı seçdiniz?
- İngilis dili müəllimi olduğum üçün ingilisdilli ölkələrə getmək şansım aşağı idi. Əksər Avropa ölkələrində əgər siz ingilis dili müəllimi kimi müraciət edirsinizsə, sizdən tələb olunan ən birinci şərt ana dilinizin hansı olmasıdır. Orada ingilis dili müəllimi işləmək üçün ingilis, amerikan, avstraliyalı, yeni zelandiyalı, ən azından cənubi afrikalı olmağınız lazımdır. Çünki bu ölkələrdə ingilis dili daşıyıcı dildir. Azərbaycan vətəndaşı olduğum üçün beynəlxalq sertifikatım, iş təcrübəm, ingilis dili biliyimin olmasına baxmayaraq, bu rəqabətdə uduzuram. Ona görə də Asiya ölkələrinə getməyə üstünlük verdim. Ən əsası isə düşünürəm ki, Vyetnamda, Çində, Taylandda, Kambocada daha faydalı ola bilərəm, nəinki ABŞ, İngiltərə və ya digər inkişaf etmiş ölkələrdə. Düzdür, bu ölkələrdə də fərqli millətin nümayəndələrinə ingilis dili öyrətməkdə köməklik edə bilərəm, amma Kamboca qədər faydalı olmaram.
- Bu, Kambocaya həm də ilk səfəriniz idi. Ölkəyə adaptasiya olmaq çətin deyildi ki?
- Asan olmadı. İlk vaxtlar küçələrdə həddindən artıq motosikletlərin olması məni təəccübləndirdi. Ən əsası isə qətiyyən yol hərəkəti qaydalarına əməl edilmir. Bizdə də sürücülər, piyadalar bu problemdən şikayətlənirlər. Amma Kambocanı görsələr, şikayətlənməzlər (gülür). Nəqliyyat vasitələrini istədikləri kimi idarə edirlər. Təsəvvür edin, işıqforlar quraşdırılıb, amma qırmızı işıqda çox rahatlıqla hərəkət edə bilərsiniz. Heç kim sizə cərimə tətbiq etmir. Onlarda bizim kimi radarlar yoxdur. Polislər də güclü nəzarət etmirlər. Qayda pozmaq adi haldır. Küçələrdə həddindən çox çöl yeməkləri satılır. Bizim adət etmədiyimiz fərqli qoxular məni narahat edirdi. Bu, bəzən natəmizlikdən yaranırdı, bəzən də yeməklərin normal iyi belə idi. Amma insan yaşadığı yerə adaptasiya olur. Bir müddət sonra hətta mən də motosiklet aldım.
Əgər düyü və dəniz məhsulu ilə aranız yaxşıdırsa...
- Yemək qoxularının sizi narahat etməsi yəqin ki, qidalanma ilə bağlı da problem yaradıb.
- Digər Asiya ölkələri kimi Kambocada yeməklər çox ədviyyatlı və acı deyil. Tələbəlik illərində Hindistanda olmuşdum. Bir həftə qidalanmada çətinlik çəkdim. Hindistanda hətta siz aşpaza desəniz də ki, yeməyimi acı etmə, yenə də acı olur. Kambocada əgər düyü ilə aranız yaxşıdırsa, ac qalmayacaqsınız. Yeməklərinin 70 faizini düyü təşkil edir. Ölkədə çəltik plantasiyalarında bu məhsulun 200 növü becərilir. Düyüdən desertlər, əriştə də daxil olmaqla, çox sayda yemək hazırlamaq üçün istifadə olunur. Hətta şərab da hazırlayırlar. Səhər yeməklərində belə düyü yeyirlər. Bizdən fərqli olaraq, onlarda dəniz məhsulları çoxdur və ucuzdur. 11-12 dollar ödəməklə istədiyiniz qədər yeyə bilərsiniz. Məni daha çox düyü və dəniz məhsullarını sevməyim xilas etdi. Azərbaycanda dəniz məhsullarından daha çox balıq yeyilir. Burada isə çoxşaxəlidir. Krab, ahtapot, osminoq, krevetkalar, omar çox ləzzətlidir. Hörümçəklər, ilanlar, qurbağalar, tarakanlar, çəyirtkələr, tısbağalar, həşərat sürfələri çərəz kimi yol kənarında satılır. Tarantulaları sarımsaq və acı bibərlə bişirirlər. Biz yemirdik, amma mətbəxlərinə də hörmətlə yanaşırdıq. Şorbaları isə çox dadlı idi. Tez-tez şorba içirdim.
- Şorba alarkən tərkibi ilə maraqlanırdınızmı?
- Xeyr (gülür). Dadlı olduğu üçün maraqlanmırdım. Əsas tələbim donuz əti olmasın. Donuz ətindən əlavə şorbada nə olsa, yeyirdim.
“Müəllim anlamalıdır ki, şagird ondan çox bilə bilər”
- Bəs təhsil sistemlərindəki fərqlər nədir? Kambocalıların azərbaycanlı müəllimlə münasibətləri necədir?
- Müəllimə çox hörmət edirlər. Şagirdlər həddindən artıq nizam-intizamlıdırlar. Ümumiyyətlə, ölkədə nadir hallarda kiminsə mübahisə etdiyini görərsiniz. İnsanlar çox mehribandır. Səhv etmisinizsə, sizi asanlıqla bağışlayırlar. Orada olduğum iki ildə bir-biri ilə dalaşan, küsülü olan şagird görmədim. O qədər sakitdirlər ki, hətta sual vermir, müəllimin dediyini müzakirə də etmirlər. Müəllimin dediyi hər söz onlar üçün qanundur və səhv olma ehtimalı yoxdur. Müəllimin tələbləri asanlıqla həm valideyn, həm şagird tərəfindən qəbul olunur.
- Orada “müəllimin sözü sorğu-sualsız qanundur” deyirsiniz. Sizcə, belə olmalıdır?
- Xeyr, bu, mənfi xüsusiyyətdir. Düzdür, müəllim üçün rahatdır ki, özünü izah etməyə, haqlı çıxarmağa çalışmır. Lakin şagirdlər “niyə” sualını verməlidir. Bu tənqidi təfəkkürü formalaşdıran bacarıqdır ki, bunu çox az hallarda kmerlər (orada yaşayan xalqlar) müəllimə verirlər. Əslində, 2000-ci illərin əvvəllərinə kimi bizdə də müəllimlər şagirdlərdən bunu tələb edirdilər. Yəni müəllim düşünürdü ki, sən məndən ağıllısan ki, dediyimə şübhəli yanaşasan? Fərq etməz, müəllim yaxud şagird, insan beşikdən məzara qədər öyrənib, özünü təkmilləşdirməlidir. Hər kəs yanlış ola bilər və bunu qəbul etməyi bacarmalıdır. Müəllim öz ixtisasını dərindən bilsə də, yeniliklərə açıq olmalıdır. Bəzən bir şagird sizdən daha çox bilə bilər. Müəllim onu həzm edə biləcək tutumda olmalıdır. Anlamalıdır ki, o da şagirdə “uduza” bilər.
- Müəllimlik karyeranızda şagirdə “uduzmusunuzmu”?