Türkiyənin AK Partiya iqtidarına yaxın "Yeni Şafak" saytı Azərbaycandakı FETÖ həbslərindən yazıb.
"Yeni Şafak" saytında qeyd olunur ki, saxlanılanlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.
"Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istədikləri müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, tədris mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib", - "Yeni Şafak" yazıb.