Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” adlı Qlobal Media Forumu təsəvvür etdiyimizdən də çox əhəmiyyətlidir. Belə bir Forumun Şuşada keçirilməsi hər şeydən öncə azad olunmuş ərazilərimizə beynəlxalq diqqətin artması baxımından vacibdir. Bunu AZƏRTAC-a açıqlamasında “demokrat.az” xəbər portalının təsisçisi və baş redaktoru Vasif Həsənli deyib.
O qeyd edib ki, Ermənistan müharibədə məğlub olsa da, bu ölkədəki revanşist qüvvələr və onların havadarları Şuşa da daxil olmaqla torpaqlarımıza iddialarından əl çəkməyiblər. Azərbaycan məhz belə tədbirlərlə dünyaya bu torpaqların gerçək sahibinin kim olduğunu, o cümlədən, bu ərazilərə həyatın qayıtdığını nümayiş etdirir. Belə tədbirlər həm də azad olunmuş ərazilərə xarici investisiyanın cəlb edilməsi üçün olduqca əhəmiyyətlidir. Digər tərəfdən, xarici qonaqlara Şuşada erməni vandalizmi əyani şəkildə göstərildi, o cümlədən postmünaqişə dövrünün yeni reallıqları yerində izah olundu.
“Təbii ki, burada xüsusilə medianın yeni trendlərə uyğun inkişafı baxımından ən böyük qazancı mediamız əldə etdi. Birincisi, Azərbaycan mediası belə beynəlxalq forumlarla böyük təcrübə əldə edir. İkincisi, mediamıza beynəlxalq diqqət artır. Bu da informasiya müharibəsində səsimizin daha aydın eşidilməsi üçün əhəmiyyətlidir. İnanıram ki, Şuşa Forumunda müzakirə edilən məsələlər mediamızın beynəlxalq nüfuzunun artmasına da ciddi töhfə verəcək”, - deyə baş redaktor vurğulayıb.