Heydər Əsədov. Cəmiyyət onu əsasən Hesablama Palatasının sədri kimi tanımağa başladı. 2007-2013-cü ilə qədər palataya rəhbərlik edən cənab Əsədov sonradan kənd təsərrüfatı naziri qiyafəsində ekranlarda boy verməyə başladı. Onun 2013-2018-ci ildə nazir kimi fəaliyyəti olduqca bərbad, uğursuz və əhəmiyyətsiz oldu. İndi bu barədə geniş yazmağa lüzum yoxdur. Əlahəzrət google sistemində axtarış verməklə, Əsədovun “yaradıcılığı” barədə kifayət qədər informasiya almaq mümkündür. Məsələn, “musavat com”un 2021-ci ilin fevral ayında saytında dərc edilmiş məqaləsində deyilirdi: “Heydər Əsədov 2013-cü ildə nazir vəzifəsinə təyinat alandan sonra onun varidatı birə on artıb. Nazir postunu tutduğu dövrdə başçılıq etdiyi sahə Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən biri olub. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik edən Heydər Əsədovun da vəziyyəti heç də pis olmadı: hansı təkliflə çıxış etdisə, dəstək gördü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı. Belə ki, 2017-ci ilin mayında binanın layihələndirilməsi, noyabrında isə artıq tikintisi üçün nazirlik tərəfindən tender elan edilib. Binanın 10 mərtəbəli olması nəzərdə tutulurdu. Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir”. (Daha ətraflı bu linkdən oxuya bilərsiniz: https://musavat.com/news/heyder-esedov-hebs-edilir_782363.html)
Çox maraqlıdır ki, haqqında ciddi materialların ictimailəşməsinə baxmayaraq, 64 yaşlı bu qocaya toxunan olmadı. Üstəlik ahıllıq dövrünü təntənəli başa vurmaq üçün özünü Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində “günə verməyə” başladı. Gününü keçirməklə yaşayan Əsədovun dənizçilik mərhələsindən isə heç danışan da yoxdur.
Görünür, Heydər müəllim, dedi-qodulardan kənar çəkib hüzurlu həyat yaşamağı bacaranlar sinfindəndir. Elə olmasaydı, kənd təsərrüfatı naziri kimi bu sahənin problemlərinin yaranmasında ondan da hesab sorulardı. Hesablama işindən yaxşı başı çıxdığı üçün Əsədovu başa düşmək olar. Peyin iyi verən sahədən salamat şəkildə başını götürüb getmək hər məmurun işi deyil. Özü də hara? Dənizçilik təhsilinə. Yəni bir-birilə yaxından-uzaqdan əlaqəsi olmayan bir vektoru seçmək üçün dahi hesablayıcı olmaq lazımdır.