Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

"İnsan it ömrü də yaşaya bilərdi, təki allahın kefi kök olsun"

1 179
Paylaş:
"İnsan it ömrü də yaşaya bilərdi, təki allahın kefi kök olsun"

İsmaili fədailərinin ikinci, üçüncü nəsli muzdlu qatillər oldular, öz əqidəsi uğrunda canını fəda edənlərin oğulları pul alıb sifarişlə adam öldürürdülər.
Mənəvi dəyərlər üzərində formalaşan bütün ideologiyaların sonrası bu cür eybəcərliklərə gətirib çıxarır. Çünki manipulyasiyalar üçün münbit təbiətlidirlər.
Sufiliklə islamın sintezindən yaranan təsəvvüfün bütün əhvalatlarının məğzi insanı dəyərsizləşdirməkdir. Bu təmsili hekayələrin praktik amacı sonda insanı mütləq öz varlığından diksindirib peşman etməkdir.


Halbuki bu dəyərdən salma islama da, sufiliyə də ziddir. İslamda insan yaradılışın əşrəfi, tacıdır. Sufilikdə isə insan allahın özü, ənəl-həqq, minimum yerdəki təmsilçisidir.
Ola bilsin ki, yeni və tək allaha dünya şöhrəti qazandırmaq üçün vaxtında bu cür hekayətlərin önəmi vardı.


Amma zaman keçdikcə insanı dəyərsizləşdirən bu təsəvvüf ədəbiyyatı müsəlman Şərqində insanın avtomatik dəyərsiz sayıldığı bir mühit yaratdı.


İnsanı incitmək, cərlətmək, adam yerinə qoymamaq legitimləşdi, adiləşdi. Hətta bunu allahın xatirinə bağladılar.
İnsan it ömrü də yaşaya bilərdi, təki allahın kefi kök olsun.


Və on səkkizinci, on doqquzuncu əsrin səyyahlarının gündəlikləri heç bir dəyəri qalmayan sıravi şərqlilərin iyrənclikləri ilə doluydu. Məsələn, Floberdən oxuya bilərsiniz bu barədə. Valideynlər rahatlıqla bir uşağını satıb, o birinə paltar alırdılar. Çünki heç bir insani dəyər qalmamışdı.


Bugünkü sosial dəyərsizliyin, insani ucuzluğun səbəbi də mədəniyyətin bu təsəvvüf ənənələri üzərində formalaşmasından qaynaqlanır.


Başlanğıcda allahı gözəlləşdirmək məqsədi daşıyan bir mənəviyyat axırda insanın eybəcerləşməsinə gətirib çıxardı.

Aqşin Yenisey 

Paylaş:

Ən son xəbərlər