Müalicə müəsisəsində hər gün müxtəlif təbəqənin nümayəndələri ilə görüşürük, söhbət edirik və onların şikayətini dinləməli oluram. Birinci olaraq, müəllimlərin və onların əsasında öz düşüncələrimi bölüşüm.
Müəllimlərin sertifikatlaşdırılması və onların təhsildən uzaqlaşdırılması ilə bağlı ciddi narahtlığımı ifadə etmək istəyirəm. Kəsib atman, doğrayıb-tökmək, uçurmaq, əzmək, yıxmaq və dağıtmaq dünyada ən asan işlərdir. Gəlin asanın dalınca qaçmaq yolunu yok, qurub-yaratmaq yolunu tutaq. Müstəqilik dövrünün ilk illərinin gətirdiyi və yaratdığı bütün günahları da ancaq və ancaq vətəndaşların üzərinə atmayın, cənablar.
Bu gün 30 yaşında iş üçün müraciət edən şəxsə az qalırlar desinlər ki, yaşın çoxdur. İndi siz indi orta yaşlı müəllimi çıxdaş etməklə onun bütün dünyasını yıxmış olursunuz. O, haradan iş tapacaq? Pensiya almağa getsə, kişilərə deyəcəklər ki, 65 yaşın yoxdur, qadınlara da 63 yaş 6 ay tamam olmayıb.
Çıxış yolu var.
Sertifikasiyadan keçməyən müəllimlər üçün yeni kurslar təşkil edin. Qoy biliklərini, metodoloji və pedaqoji bilik və bacarıqlarını artırsınlar. Niyə kəsib atırsınız? Niyə ən asan yolu seçirsiniz? Bu ixtiyarı sizlərə hiç kim verməyib. Sizə deyilib ki, nizam-intizam, qayda-qanun və yüksək təhsil qurun. Kim ki, dərs almayacaq, hazırlaşmayacaq, kurslara gəlməyəcəksə, o zaman buyurun qərarınızı verin.
Eşidin təklifləri, eşidin səsləri, eşidin narazılıqları, eşidin təhsillə bağlı danışanları! Hamını qulaqardına vurmaq, saya salmamaq, dinləyib öz bildiyini etmək yaxşı hal deyil. Heç kim "universal soldat" deyil. Gərək bir-birimizi eşidək və normal təkliflərə də açıq olaq. Hər kəs öz bildiyini həqiqət və doğru yol bilib edərsə, ölkə xaos olar ki.