Nurduz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb. Yayılan görüntülərdən də aydın görünür ki, daşınan yükün nə olduğunu gizlətmək məqsədi ilə üzərlərinə kölgəlik örtülüb. Lakin İrandan Ermənistana daşınan yükün hərbi yük olduğu aydındır. Yük artıq İranın Bəndər Abbas limanına çatdırılıb.
Silahı göndərən tərəfin kimliyinə gəlincə, bu, Ermənistanın son vaxtlar hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır. Təkcə elə mediadakı açıq mənbələrdən də məlum olur ki, Ermənistan və Hindistan arasında 400 milyon dollardan artıq hərbi müqavilə imzalanıb. Bu yükün Hindistandan gəldiyini təsdiq edəcək növbəti faktlar da kifayət qədərdir: Belə ki, bu ilin fevral ayından bu yana Ermənistanla Hindistan arasında hərbi əməkdaşlıqlar, silah tədarükü məqsədi ilə bir xeyli görüşlər keçirilib. İndi görünür Hİndistan o silahların İrana çatdırılması üçün fəaliyyətini intensivləşdirib.
Kadrlardan da aydın görünür ki, Ermənistana faktiki olaraq silah və hərbi texnika ilə sürətli şəkildə təchiz edilməyə başlanılıb. Görünür, rəsmi Bakının Dehlini Ermənistan ordusunun yenidən silahlandırılmasına və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyasının yenidən baş qaldırmasına rəvac verəcək addımlardan çəkinməsi ilə bağlı xəbərdarlıqları qarşı tərəf bir o qədər ciddiyə almayıb.
Ermənistanın müxtəlif kanallar vasitəsi ilə sürətlə silahlandırıldığını əks etdirən kadrlardan bir daha bu qənaətə gəlmək olur ki, Azərbaycanın Laçın yolunun başlanğıcında Nəzarət Buraxılış Məntəqəsi quraşdırması çox düşünülmüş və strateji əhəmiyyətli qərardır. Demək ki, Azərbaycanın indi fəaliyyətdə olan bu buraxılış məntəqəsi olmasaydı, belə nəticə çıxır ki, Hindistandan İran ərazisindən keçməklə Ermənistana silahlar daşınılırsa, bu silah-sursatın, hərbi texnikanın bir qismi Qarabağdakı qondarma rejim qalıqlarının əlinə düşə bilərdi və yaxud da Ermənistan hərbi-siyasi rəhbərliyi əvvəllər (Laçın sərhəd buraxılış məntəqəsi qurulmamışdan öncə - Rusiya sülhməramlılarının nəzarətində olduğu dövrdəki kimi) olduğu kimi yenidən qondarma rejimi bu hərbi texnikalarla təchiz etməyə davam edə bilərdilər.