Təxminən bir həftədir ki, zibil qutusunda tapılan yeni doğulmuş körpə ilə bağlı hadisə medianın diqqət mərkəzindədir. Bu cinayətin uşağın anası tərəfindən törədilməsi ictimaiyyəti hiddətləndirib, çoxları qadını qınamağa başlayıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (təhlükə altında saxlama) maddəsi ilə cinayət işi başlanıb. Körpənin anası Səbinə Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Dövlət hesabına ona müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Aydın Kərimov təyin edilib. Media.Az A.Kərimovla danışıb. Vəkil bu işdə bir çox mübahisəli məqamlara işıq salıb və hadisənin bir neçə ciddi sosial problemlərin mövcudluğunu necə ortaya çıxardığına işarə edib.
Səbinə Qasımova cinayətkar, yoxsa qurbandır?
Aydin Kərimov müştərisini adekvat, təvazökar qız kimi təsvir edib. Vəkil cinayət işinin dərinliklərinə nüfuz edərək S.Qasımovadan baş verənlərin bir çox detallarını, məsələn, uşaqdan nəinki doğulduqdan sonra, hətta ondan xeyli əvvəl yaxa qurtarmaq istəməsinin səbəbini öyrənib.
A.Kərimovun sözlərinə görə, qadın boşanıb və hazırda keçmiş ərindən olan bir oğlunu böyüdür. O, ikinci övladına nikahdan kənar hamilə qalıb. A.Kərimov iddia edir ki, Səbinə Qasımovanın ailəsində mühafizəkar prinsiplər hökm sürdüyü üçün o, atasının qınaq və təzyiqindən qorxaraq öz vəziyyətini gizlədib.
“O, hamilə olduğunu gec bilib. Artıq hamiləliyə son qoymaq mümkün olmayıb. Onun qarnı kiçik olduğundan qadın öz vəziyyətini yaxınlarından gizlədə bilib. O, “qadınlıq hissəsində” əməliyyat bəhanəsi ilə xəstəxanaya gedib. Doğuşdan dərhal sonra o, körpəni uşaq evinə yerləşdirməyə çalışsa da, qadının şəxsiyyət vəsiqəsi olmadığı üçün ona rədd cavabı verilib. Qeyd edim ki, o, Daxili İşlər Nazirliyinin elektron portalı vasitəsilə doğum evinə yerləşdirilib”, - vəkil deyib.
Daha sonra S.Qasımova bu dəhşətli addıma - uşağı zibil qutusuna atmağa qərar verib.
“Uşağı niyə heç olmasa zibil qutusunun yanına qoymadığını soruşduqda, müştərim yaxınlıqda itlərin olduğunu bildirib. O, heyvanların uşağa hücum edəcəyindən qorxduğu üçün onu, həmçinin uşaq bezlərini və suyu zibil qutusuna qoyub. Qadın ancaq kiminsə uşağı gördüyünü görəndə çıxıb gedib”, - A.Kərimov bildirib.
O, əlavə edib ki, S.Qasımova bu cinayəti törədəndə nə etdiyinin fərqinə varmayıb:
“Atasıyla danışdım, mənə çox aqressiv cavab verdi... Qadın təbii ki, günahkardır. Amma hamiləlik faktını qohumlarından gizlətməsəydi, atası onu öldürəcək, həm oğlunu, həm də yeni doğulmuş qızını yetim qoyacaqdı”, - A.Kərimov vurğulayıb.
Baş verənlərdə doğuşdan sonrakı depressiyanın rolu
Müdafiəçinin fikrincə, bu işi araşdırarkən S.Qasımovanın psixi vəziyyətini də nəzərə almaq lazımdır. Onun sözlərinə görə, qadının doğuşdan sonrakı depressiyaya düşməsi ehtimalı yüksəkdir.