Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində intihar edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Azay oğlu Qaraşovla bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər özünü yaşadığı evdə güllələyərkən otaqda tək olub.
İlkin araşdırmalar zamanı məlum olub ki, A.Qaraşovun həyat yoldaşı, övladları və anası hadisə vaxtı evdə olsa da, digər otaqlarda olublar. A.Qaraşov bir neçə dəqiqə əvvəl həyat yoldaşına harasa gedəcəyini və geyimlərini hazırlamasını deyib. Bir qədər sonra isə otaqdan atəş səsi eşidilib. A.Qaraşovun olduğu otağa ilk olaraq anası daxil olub və oğlunun özünü qarnından güllələdiyini görüb.
Dərhal hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət edilib. Lakin bir neçə dəqiqə sonra A.Qaraşov dünyasını dəyişib.