Azərbaycanın daxili işlərinə qarışmaq, heç kəsə, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən diplomatik toxunulmazlığı olan şəxslərə belə rəva görülə bilməz. Xüsusən də, istintaqın getdiyi ərəfədə hər hansı bir status və yaxud tvit paylaşmaq istintaqa təzyiqdən başqa bir şey deyil.
Bəlli olduğu kimi, bu günlərdə ölkə ərazisində keçirilən əməliyyat nəticəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev, təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev, o cümlədən, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Adıçəkilən şəxslər barəsində hazırda istintaq tədbirlərinin aparıldığı bir dönəmdə bir sıra beynəlxalq təşkilatlar, eləcə də ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri Q.İbadoğlu ilə bağlı tvit paylaşıblar. İlkin istintaqın getdiyi bir dönəmdə belə bir paylaşım, sözsüz ki, birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi kimi qiymətləndirilməlidir. Həmin diplomatlar da gözəl bilirlər ki, Azərbaycan müstəqil ölkədir, belə məsələlər qanunlara uyğun şəkildə müstəqil məhkəmə orqanları tərəfindən tənzimlənir. Təmsil etdikləri ölkələr də məhz bu prinsipləri əsas götürür. Beynəlxalq hüquq və qanunlar da bunu ehtiva edir. Həmin diplomatların sadəcə diqqətinə çatdırmaq istərdik ki, əgər düşünürlərsə ki, Azərbaycanın daxili işlərinə müdaxilə edə, təzyiq göstərə bilərlər, çox yanılırlar.