Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az Report-a istinadən xəbər verir ki, istintaq materiallarında qeyd olunub ki, R.Hüseynov və mərhum Xəyal Rəhimov 2018-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkərkən aralarında narazılıq olub.
Narazılığa aydınlıq gətirmək məqsədilə X.Rəhimov bu il fevralın 11-də gecə saatlarında tanışı Orxan Fətəliyevlə birlikdə Raufun kirayə yaşadığı, eyni zamanda, Ceyhun İsayevə məxsus evin pəncərəsini döyərək Raufla Ceyhunu çölə səsləyib. Bundan sonra tərəflər arasında qarşılıqlı nalayiq ifadələr işlədilib. Rauf üzərində gəzdirdiyi bıçaqla Xəyalın sol əlindən vurub, O.Fətəliyev və Ceyhun İsayev arasında isə qarşılıqlı yumruq zərbələri olub.
X.Rəhimov həmin ünvana gəldiyi "Ravon" markalı avtomobildən soyuq silah hesab edilən dəmir dəyənəyi götürdükdə, Ceyhun cəld həmin dəyənəyi Xəyalın əlindən alaraq yaşadıqları fərdi yaşayış evinin həyətinə atıb. Xəyal və Orxan oradan uzaqlaşdıqdan sonra həmin gecə, saat 01 radələrində tanışları mərhum İlkin Rzayevlə görüşüblər.
İttihama görə, İ.Rzayev, O.Fətəliyev və qeyriləri Xəyalla birlikdə dəmir dəyənək götürərək yenidən Rauf və Ceyhunun yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsindəki ünvana gediblər. Xəyal əlində olan dəmir dəyənəklə həmin evin pəncərələrini sındırıb. Bunu görən Rauf üzərində olan cib bıçağını, Ceyhun qara rəngli mətbəx bıçağını və həmçinin, Xəyaldan aldığı göy rəngli dəmir dəyənəyi, Ceyhunun qardaşı Ramin İsayev isə üzərində olan bıçaq və döşəmə silən taxtanın tutacaq hissəsini özləri ilə götürüb yaşadıqları evdən küçəyə çıxıblar.