"Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq cəzalandırılacaq”.
Pravda.az xəbər verir ki, bunu “Report”a Xocalı rayonunun Meşəli kənd icra nümayəndəsi İlham Kazımov deyib.
O, Birinci Qarabağ müharibəsi dövründə kəndlərinə ermənilərin dəfələrlə hücum etdiyini bildirib: “Kənd sakinləri hər dəfə düşmənə layiqli cavab verirdi, ancaq sonuncu hücumun qarşısını ala bilmədik. Çünki düşmənin sayı-hesabı yox idi və çox ağır silahlardan atəş açırdılar. Xatirimdədir ki, 1991-ci il dekabrın 23-ü erməni alayının Meşəliyə hücumu zamanı göydən sanki od yağırdı. Meşəlidə həmin vaxt 360 nəfərdən ibarət 81 ailə yaşayırdı. Həmin il dekabrın 23-ü səhər saatlarında erməni alayı Meşəli kəndinə hücum etdi. Düşmən kəndi mühasirəyə almışdı, yalnız bir istiqamətdə mövqe tuta bilməmişdilər. Camaat oradan çıxmaq istəyirdi, elə həmin vaxt onları da güllələmişdilər. Kənd sakinlərindən çoxu çıxmaq istəmirdi. Erməni quldurları onları elə öz evlərinin içində güllələmişdi. Sağ qalanlar gecə saat 3-də çətinliklə də olsa kənddən çıxa bildi”.
İcra nümayəndəsi vurğulayıb ki, nə qədər müqavimət göstərsələr də, düşmənin hücumunun qarşısını ala bilməyiblər: “Bizdə 10 nəfər milli ordudan gəlmişdi, 5 nəfər də polisimiz vardı. Silahlarımız məhdud sayda idi. Amma onlar güclü silahlanmışdılar. Tankları belə vardı. Sadəcə yol bağlı olduğundan tank Meşəliyə daxil ola bilməmişdi. Buna qədər çox hücumlar olmuşdu, ancaq qarşısını almışdıq. Sadəcə sonuncu dəfə hücum edəndə erməni quldurları sanki quduzlaşmışdılar. Həmin döyüşdə 25 şəhid verdik, 14 nəfər yaralandı. Şəhidlərdən 20-si Meşəli kənd sakini idi. Şəhidlik zirvəsinə ucalanlardan bir nəfər Ağdamdan gələn polis, üç nəfər milli ordunun əsgəri idi. Yevlaxdan bizim kəndə köməyə gələn Tahir adlı şəxs də şəhid oldu. Döyüşlər elə gedirdi ki, insanlar istəyirdi yaba ilə düşmənin qabağına çıxıb vuruşsun. Ancaq silahımız olmadığından Xocalıdan, Kosalıdan və digər yerlərdən bizə kömək gəldi. Biz yenidən kəndə daxil olduq. Elə şəhidlərimizin sayını da onda bildik. Həmin vaxt mənim atam, xalamın ailəsi və digər qohumlarımız şəhid oldu”.