Ləğv prosesində olan “AGBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu var. “Qaynarinfo” xəbər verir ki, bankın bu günə olan vergi borcu 2 milyon 465 min 208.84 manatdır.
Qeyd edək ki, “AGBank” ASC 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 103 milyon 400 min manat olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.
Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsində çalışır. O, bu vəzifəyə 2020-ci ildə təyin edilib.
“AGBank”ın sahibinə gəlincə, uzun illər bankın keçmiş deputat Çingiz Əsədullayevə məxsus olduğu bildirilib. Bankın səhmlərinin 33 faizi Əsədullayev və ailəsinə məxsus olub.
Çingiz Əsədullayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla dost olması “AGBank”ın keçmiş MTN şefinin nəzarətində olması barədə mülahizələrə səbəb olub. “MTN işi” zamanı bu mülahizələr demək olar ki, təsdiqini tapıb. Məlum olub ki, Eldar Mahmudov bank əməliyyatlarını “AGBank”la həyata keçirirmiş. Onun Çingiz Əsədullayevlə başqa işbirlikləri barədə də iddialar səsləndirilib.