Xəbər verdiyimiz kimi, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Qafqazinfo”ya hadisədən öncə İsgəndərin Rəşada yazdığı mesajların motivləri də bəlli olub.
Məlum olub ki, Rəşad Dağlı nömrəsinin çox yayıldığı ərəfədə telefonunu bir müddət bağlı saxlayıb. Bu zaman isə İsgəndər Rəşadın qardaşına zəng edərək onu axtardığını bildirib.
Rəşad Dağlı isə İsgəndərin onu axtardığını öyrəndə, əvvəlcə onu tanımayıb, meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu olduğunu biləndə tanıyıb. Lakin İsgəndər Mehdiyevin narkotik satışına görə dəfələrlə məhbus həyatını yaşadığını bilən Rəşad, onu ciddiyə almadığını deyib.
İsgəndərin israrlarından sonra Rəşad ona zəng edib. İsgəndər isə türmədə olanda bir nəfərin Rəşad Dağlı haqqında “üzdəniraq” ifadəsini işlətdiyini deyib. Rəşad Dağlı İsgəndər Mehdiyevə “üzdəniraq” söhbətinin kim tərəfindən edildiyini, bu şəxsi ortaya çıxarmasını, onunla görüşüb söhbəti aydınlaşdırmaq istədiyini deyib. İsgəndər isə həmin şəxslə görüşməyin lazım olmadığını bildirib. O, Rəşada bu söhbəti özünün edəcəyini deyib.
Rəşad Dağlı söhbəti ciddiyə almadığı üçün telefonu söndürüb. Daha sonra telefonu açanda İsgəndərin ona mesajlar yazdığını görüb:
- “Qaqaş, mənən İsgəndər. Qaqaş, mən sənə çox dedim, sən az eşitdin. Mən hara kimi lazımdır, səni müdafiə etdim. Rəşad, “üzdəniraq” söhbətin gedir. Nə qədər tezdir, gəl qabağını al”.
- “Qaqaş, nə oldu, razılaşdın? Yəni, bu olub? Rəşad, mən üç gündür ki, səni müdafiə edirəm. Sən də gəl mənə dəstək ol. Gəl, tək mənlə görüşəcəksən. Sadəcə, görüşək, bir-iki şey var ki, onları sən bilirsən”.
“Rəşad, o boyda mövzu gedir, sənin üçün heç maraqlı deyil. Mənə təcili zəng elə, gözləyirəm”.
“Rəşad, sən gəlməsən, məcbur olub məhlədən bir-iki nəfəri götürüb söhbətə gedəcəm. Dua elə söhbətimiz sülhlə qurtarsın”.