Avqustun 1-də Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda bildirilir ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş və ərazi bütövlüyünü bərpa edib. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürmüşdür. Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılıb.
Məktubda təəssüflə qeyd edilir ki, ötən dövr ərzində Ermənistan Laçın yolundan istifadə etməklə Azərbaycana qarşı hərbi təxribatlarını və onun daxili işlərinə müdaxilələri davam etdirib, eyni zamanda, Qarabağ erməniləri ilə dialoqun irəliləməsinə maneçilik törədib. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurub. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunub. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan icazəsiz istifadə etməyə cəhdlər göstərilməsi bu ölkənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə real münasibətini, sülh prosesinə nə dərəcədə sadiq olduğunu bariz şəkildə nümayiş etdirib.