“Atam Polad Bülbüloğlundan incik öldü”. Bunu dövlət tədbirlərinin aparıcısı, Akademik Milli Dram teatrının aktyoru, Əməkdar artist Elşən Cəbrayılov Lent.az-a müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
- Elşən bəy, sizinlə 15 il öncə görüşmüşdük. O vaxtdan indi daha gənc görünürsünüz. Xeyli kilo atmısınız...
- Hə elədir. Özümü rahat hiss eləmək üçün. Buna görə heç kim mənə 46 yaş vermir.
- Üzünüzü estetik əməliyyat etdirmisiniz?
- Yox. Səhnə gözəl görünüş tələb edir, ehtiyac varsa etdirənlərə də pis baxmıram. Kompleks yaşayırsansa etdirməlisən də. Mən etdirməmişəm. Pəhriz saxlayıram. İdman edirəm. Bu qədər.
- Geyim tərziniz də maraqlıdır, fərqli obrazlarda görünürsünüz, bu gün bir az hind yoqa ustalarını xatırlatdı.
- Fərqli geyinməyi sevirəm. Bir neçə il öncə Məşhəddəydim. Orada ərəblərin əntarisində (uzun ağ don) gəzmişəm bir həftə. Çox rahat hiss edirdim özümü o paltarda.
- Siz 16 yaşınızdan Akademik Milli Dram Teatrında rollar oynamısınız. O yaşda bu teatra sizi necə işə götürdülər?
- Əslində bu teatrda böyümüşəm desəm yeri var. Ona qədər Musiqili Komediya teatrında balet artisti kimi səhnəyə çıxırdım, sonra yarımştat aktyor kimi çalışdım. “Dramteatr”da ilk dəfə 17 yaşıma girəndə “Qisas qiyamətə qalmaz” tamaşası ilə səhnəyə çıxdım, müqavilə ilə işləyirdim. Atam, aktyor Şahin Cəbrayılov insult keçirib yatağa düşəndən sonra ailənin yükü mənim çiynimə düşdü.
Beyninə qan sızmışdı. Yadıma gəlir ki, yeni xəstələnəndə evə təcili tibbi yardım çağırmışdıq. Həkimlər ona bir həftə vaxt qoymuşdular, dedilər uzağı altı-yeddi günə dünyasını dəyişəcək. Biz onu haralara aparmadıq, hansı həkimləri gətirmədik. Beləcə 14 il yaşadı. Amma o müddət ərzində də dəfələrlə infarkt keçirdi. 2007-ci il, sentyabrın 5-də Şahin Cəbrayılov dünyasını dəyişdi. Nə bir fəxri ad aldı, nə bir mükafat. Bütün əməyi boşa getdi. Halbuki atamın qızıl fondda nə qədər tamaşaları, filmləri var. Atam xəstə olanda teatrın rəhbəri Həsənağa Turabov idi. Atam ərizə yazdı, işdən çıxdı, 1999-cu ildə onun yerinə tam ştata məni işə götürdülər. Bütün nəhəng sənətkarlar sağ idi, ştatda əlavə yer yox idi. Beləcə, bu günə qədər həmin teatrda qaldım.
- Mədəniyyət Nazirliyi, teatr atanıza yardım edirdi xəstə olduğu müddətdə? Ümumiyyətlə, kimlər bu 14 ildə sizə dəstək oldu?
- Bəxtiyar Vahabzadəyə ulu bir şair kimi baxıram. Atamın üzərində əməyi çox olub. O atamı xəstəxanaya yerləşdirdi. Bəxtiyar müəllimlə tanışlığımız qəribə olmuşdu. Teatrda onun “İkinci səs” tamaşası hazırlanırdı. Şair məni səhnədə görüb, deyib ki, onun nə qəmgin gözləri var? Biləndə ki, Şahinin oğluyam və problem var tamaşadan sonra məni foyedə gözlədi. Söhbət etdik, kömək təklif elədi. Allah rəhmət eləsin. Ağır vaxtlar idi, tək idim. Həsənağa Turabov, Elçin Əfəndiyev, sonrakı illərdə Əbülfəz Qarayev kömək ediblər atamın müalicə almasına. Ən çox dəstəyi o zamanlar Gülağa Tənha verdi. Ona çox borcluyam. Atam Polad Bülbüloğlundan incik getdi. O zaman Polad Bülbüloğlu mədəniyyət naziri idi. Müraciət etsək də, kömək etmədi. Nəinki müalicəsinə, heç layiq olduğu fəxri adı da vermədi. Halbuki atamın tələbələri indi xalq artisti adını alıblar. 56 yaşında dünyasını dəyişdi. Zülmlər yaşadım, çəkdiyim əziyyəti heç kimə arzu eləmərəm.
- Teatr qalmaqallarını nəzərdə tutursunuz?
- Allah yolumu açıq edib. Yolumu açıb mərhum prezidentimiz Heydər Əliyev, pedaqoqum Cənnət Səlimova. İlk dəfə Cənnət xanım güvəndi, 16 yaşımda məni dövlət tədbirində aparıcı kimi Heydər Əliyevin qarşısına çıxardı.
- Heydər Əliyevin qarşısında asan olmazdı yəqin ki...
- Heç vaxt onun gözünə baxa bilməmişəm. Kulisdə görüşlərimiz olub. Bir dəfə də başımı qaldırıb üzünə baxa bilmədim. Gənc idim, utanırdım, həyəcanlanırdım. Amma bu həyəcan səhnədə yox olurdu. Bir çox aparıcılar kimi çaşıb səhnədən qaçmırdım, dilim topuq vurmurdu.
- Bir dəfə demişdiniz oğlunuzun yolunuzu getməsini istəmirsiniz. Niyə? Kifayət qədər uğurlu karyeranız var.
- Atam da mənim aktyor olmağımı istəmirdi. Gizlin imtahan verdim, cavab çıxmazdan iki gün öncə anamla qaçıb rayona getmişdik. Qorxumuzdan (gülür). Çox zəhmli kişi idi. Özünə qiymət verilməmişdi deyə, qabiliyyət imtahanına özü hazırlamışdı. Həsənağa Turabov imtahanda məni görüb dedi ki, sənətkar oğlu sənətkar, sən niyə gəlmisən? Çıx get. Yoxlamadan qiymət verdi. Mən qəbul olanda atam ağladı. Onun başını uca elədim. Heç peşman deyiləm. Dəfələrlə prezident mükafatına layiq görülmüşəm. Amma sənət adamı həmişə diqqət gözləyir. Bir az da olsa yaxşı olardı.
- Hamıya, yoxsa sizə?
- Hamıya diqqət var. Bəzi Xalq artistləri var ki, üç ev alıblar dövlətdən, indi də Fəxri Xiyabanda məzar almaq üçün məktub yazırlar. Çəkilməlidirlər kənara, başqalarına da yol açmalıdırlar. Mən artıq özümə gənc nəsil demirəm, orta nəslin nümayəndəsiyəm.
- Xalq artisti olmaq istəyirsiniz?
- Niyə də yox? Buna layiqəm. Dövlət tədbirlərinin aparıcısıyam. Teatrda çoxlu sayda baş rolların ifaçısıyam. Qızıl fondda saxlanılan çıxışlarım var. Bu adı almış və heç bir iş görməmiş nə qədər həmyaşıdlarım var, mən də gözləyirəm.