Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.
Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun keçirilən növbəti başçəkmə çərçivəsində 29 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan fərdi qaydada qəbul edilib.
Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə zamanı qəbul edilmiş V.Xaçaturyanın müraciəti dinlənilib. O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu qeyd edib. V.Xaçaturyan bütün bunlara, eyni zamanda onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.