Bakı sakinini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radik Feyziyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. “Report” xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəşad Kərimov dindirilib.
O bildirib ki, zərərçəkmiş Rüstəm Bayramovun (mərhum) əvvəldən digər təqsirləndirilən şəxs R.Feyziyevlə pul üstündə ədavəti olub:
“Özüm narkotik istifadəçisi olmuşam. Təqsirləndirilən şəxs Radiki 2019-cu ildən tanımışam, narkotik satırdı, biz də alırdıq. Digər təqsirləndirilən Tahir Ələkbərovu isə 2015-ci ildən tanıyıram. 2020-ci ilin oktyabrında Tahirlə birgə narkotik maddə almaq üçün Radikin qapısına getdim. Ora çatanda Radikin mərhum Rüstəm Bayramovu möhkəm döydüyünün şahidi oldum. Məndə olan məlumata görə, Rüstəm Radikdən nisyə 100 manatlıq narkotik maddə almışdı, amma pulunu verməmişdi. Bu səbəbdən Radik onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq və təpik zərbələri vurdu. Rüstəm heç bir müqavimət göstərməyərək getdi. 10 dəqiqədən sonra Radik onun, biz də Radikin dalınca getdik. Ara küçədə Rüstəmi yaxalayan Radik onun başına daşla zərbələr endirdi. Tahirlə mən də onu yerdə təpiklədik. Rüstəmin başından qan açılmışdı və biz onu o vəziyyətdə qoyub hadisə yerindən uzaqlaşdıq”.
Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.