Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.
Pravda.az xəbər verir ki, Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədrinə və müdafiə nazirinə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olundu.