Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
News24.az-ın məlumatına görə, prosesdə şahid qismində çıxış edən Şahbaz Qasımov bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi vəzifəsində işləyir:
“2021-ci ilin iyunun 25-də işdə idim. Agentliyin İdarə Heyətinin sədrinin köməkçisi Çingiz Əmirov zəng vurub dedi ki, Əvəz Zeynallı binanın qarşısına gəlib, rəhbərlik tərəfindən qəbul olunmasını istəyir. Mən də mühafizə polisinə zəng vurub Əvəz Zeynallını xidməti otağıma göndərmələrini xahiş etdim. Nə məqsədlə gəldiyini soruşanda dedi ki, sizinlə bağlı şikayət var, araşdırmalıyam. Dedi ki, siz, Nağı İsmayılovun hüqüqlarını pozursunuz, Saleh Məmmədov barəsində əlimdə məlumatlar var, bunları ictimailəşdirəcəyəm, nüfuzunuza xələl gələcək. Bundan sonra isə əməkdaşlıq etməyi təklif etdi. Dedi ki, əgər 8 min manat versən, razılaşarıq, əks təqdirdə problemlər yaranacaq. Hədə-qorxunun təsiri altında olduğumdan istənilən məbləği verdim. Pulu aldıqdan sonra bir daha Nağı İsmayılovu, Saleh Məmmədovdan narazı olan hər hansı şəxsi verilişinə dəvət etməyəcəyinə söz verdi”.
Şahbaz Qasımov Əvəz Zeynallının suallarını cavablandırıb. Bildirib ki, Əvəz Zeynallı Xural TV də 2 veriliş hazırlayıb. Həmin sujetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirmişdi. Mənim də vəzifəm tənqid olunurdu. 20-25 dəqiqə otaqda danışdıq, mən 8 min manatı verdim. Dedi ki, Saleh Məmmədovun milyonluq əmlakları barədə məlumat var. Mən də bunun yayılmasından ehtiyatlamıb Əvəzə 8 min manat verdim ki, rüsvay olmayaq".
Ə. Zeynallı bildirib ki, həmin şəxsi tanımır və yalan danışır: "Bu adam deyir ki mən Əvəzə 8 min pul vermişəm, sonra o barədə veriliş hazırlamayıb. Amma mən həbs olunan günə qədər həmin məsələ ilə bağlı 300 veriliş hazırlamışam".
