Bir qrup qaragüruh özünə ziyalı deyəndə, artıq ziyalı sözü də gözdən düşəcək. Söhbət Eldəniz Quliyevin dərc etdiyi “ziyalı” siyahısında olanlar gedir. Həmin “ziyalılar” Qubad İbadoğlunun həbsdən azad edilməsi üçün Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Dorğrudur, siyahıda bir-iki nəfər istisnadır, amma 128 nəfərin belə bir siyahıya imza atması absurddur.
Müraciətin “ana xətti” bu cümlədir: “Erməni mediası bu həbsi bəhanə edərək, “Azərbaycanda yaşayan ermənilərin amanda olmaması” barədə bəzi iddialar irəli sürürlər...” Görün qələbəyə necə kölgə salırlar... Azərbaycan qalib dövlətdir, Qarabağ da Azərbaycan ərazisi kimi tanınır. Belə olan halda, ermənilər bizə nəyisə diktə edə bilməzlər. Qubad İbadoğlu məsələsi də, Qarabağ da yaşayan ermənilərin məsələsi də Azərbaycan daxili işidir. Qarabağ Azərbaycan ərazisidir və şərtləri də ölkəmiz diktə edir. Bu məsələləri qarşı-qarşıya qoymaq, erməni mediasına istinad etmək gülüncdür. Tutaq ki, erməni mediası bəhanə olaraq bunu yazıb, “ziyalı” demirəm heç, sadə vətəndaş kimi buna necə istinad edə bilərsiniz? Hər hürənə itə sümük atılmalıdırmı?! Qubad İbadoğlunun həbsi Azərbaycan üçün prioritet məsələ olan Qarabağla bağlı əngəl yarada bilməz. Buna görə narahatsınızsa, olmaya bilərsiniz, söz oynunuzu başqa məsələlərdə sınayın. İbadoğlu konkret maddələr üzrə ittiham olunur, hələ də istintaq gedir. Bilin, nəticəsindən asılı olmayaraq, bu cür müqayisə qüsurludur. “Ziyalı” siyahısını açıq qoyublar, kim istəyirsə, özünə titul verir, yazılır dəftərə, qeyri-ciddi yanaşmaya dəstək verir. Bu ziyalılar ölkə əhəmiyyətli məsələlərdə harda olurlar? Qarabağla bağlı niyə beynəlxalq təşkilatlara müraciət ünvanlamırlar? Bilirlər ki, müraciətləri ciddi qəbul olunmayacaq, bunun üçün əvvəlcə cəmiyyətdə hörmətin olmalıdır, yəni ziyalı olmalısan. Onların çoxu çayxanalarda vaxt “öldürməklə” məşğuldurlar. Reket jurnalistlərin də ziyalı kimi təqdim olunması başqa dərddir. Belə adamların ziyalı kimi təqdim olunması ziyalılara həqarətdir.
Açığı təəccüblənmək lazım deyil, çünki dəstəni Eldəniz Quliyev toplayıb. Onun adı cəmiyyətə yaxşı tanışdır. Quliyevin adı o təşkilatdan bu təşkilata gəzən adam kimi xarakterizə olunur, ssenarist kimi xatırlanmır heç. Görünür, ssenarini belə işlərdə qurmağı bacarır, o da uğursuzluğa düçar olur. Hansı təşkilat yaranırsa, Eldəniz Quliyevi orada görə bilərsiniz. Ziyalılar Forumu, Milli Şura, El Hərəkatı... Ziyalılar Forumu çoxdan dağılıb, çünki şəxsi maraqlar naminə yaradılmışdı, mərhum Rüstəm İbrahimbəyovun ətrafında toplaşmışdılar. O Ziyalılar Forumu ki erməniləri tərif edən əsərin müəllifi Əkrəm Əylisli orada təmsil olunurdu. El Hərəkatı da əridi, getdi, alındıra bilmədilər. Milli Şura isə əvvəldən “ölü doğulmuşdu”, amma pul vardı deyə “şirəyə” toplaşmışdılar.
