Fətullahçı Terror Təşkilatının (FETÖ) digər terror təşkilatlarından ən böyük fərqi siyasi hakimiyyətə ən müxtəlif yollarla can atması, bunun üçün bütün vasitə və istiqamətlərdən – rüşvət, şantaj, kef və əyləncə məclisləri, içki, narkotiklər, əxlaqsız qadın və kişilərin “xidmət”lərindən başlamış elm, təhsil, ədəbiyyat, incəsənət, media, vətəndaş cəmiyyəti institutları, bank və maliyyə sektoru, biznes və digərlərindən istifadəni məqbul saymasıdır. Ələalma, şəbəkələşmə siyasətini, əsasən təhrif olunmuş dini “dəyər”lər üzərindən həyata keçirən FETÖ üçün müqəddəs heç nə yoxdur. Əksinə müqəddəs sayılan nə varsa FETÖ-nün emosional təsir alətidir.
...Fətullahçıların, yaxud Gülənçilərin dünyəvi inkişaf yolu seçən bütün türk-müsəlman ölkələri üçün ciddi təhlükə yaratdığı barədə çoxsaylı faktlara baxmayaraq, Azərbaycanda hələ də FETÖ ilə bağlı aparılan araşdırmalar ətrafında qeyri-ciddi fon yaratmağa çalışan, prosesin bütövlükdə “siyasi texnologiya” olduğunu iddia edənlər də var. Belələri bunu, əsasən məqsədyönlü şəkildə edirlər. Çünki diqqəti FETÖ ilə keçmiş və ya indiki əlaqələrindən yayındırmağın yolunu ənənəvi metodlarda – prosesi gülüş və məsxərə predmetinə çevirməkdə, yaxud gözdən salmaqda, müxtəlif siyasi motivlərlə pərdələməkdə görürlər.
Fətullahçı Terror Təşkilatının nə qədər ciddi təhlükə olduğunu isə Fətullah Gülənin tərəfdarlarına ünvanladığı təlimatlar sübuta yetirir. Diqqət yetirək:
“- Mülki təsisatlarda, hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə möhkəmlənmək və şəbəkələşmək zəruridir. Dünyəvi dövlət idarəçiliyi sistemi kamil deyil və sistemin daxilində kifayət qədər boşluqlar var. Bu boşluqları tapıb, orada öz mövqelərinizi möhkəmləndirməlisiniz.
- Güc sahibi olmadığınız halda güc sahiblərinə qarşı çıxmayın. Ola bilsin ki, xaricdəkilər (çox güman ki, Mərkəzi Kəşfiyyat İdarəsini nəzərdə tutur – E.M.) sizi qorxaqlıqda ittiham etsinlər. Belə iddialara önəm verməyin. Yolumuza davam etməli və dövlət strukturlarında möhkəmlənməliyik. Əleyhimizə olanların qarşısında özümüzü qorxaq, aciz kimi göstərməli, onları arxayın salıb daha irəliyə getməliyik. Çox diqqətli, təmkinli, tədbirli olmalıyıq. Bizimlə olanlar, məqsədlərimizə xidmət edənlər özlərini dünyanı idarə edən diplomat kimi aparmalıdırlar.